Hazırkı etirazın arxasında erməni kilsəsi, keçmiş "Qarabağ klanı" və Rusiyada bəzi mərkəzlər dayanır
“Ermənistanda müəyyən revanşist qüvvələr anklav olmayan 4 kəndin Azərbaycana verilməməsi üçün hərəkətə keçib”
Ermənistan Baş naziri Nikol Paşinyana qarşı faktiki 4 qüvvə - Rusiya, erməni müxalifəti, Qarabağ separatçılarının tör-töküntüləri və kilsə birləşib. Paşinyanın 4 kəndi - Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimlinin Azərbaycana geri qaytarılması ilə bağlı mövqeyi sözügedən qüvvələri radikallaşdırıb. Ermənistanın Demokratik Konsolidasiya Partiyasının rəhbəri Suren Petrosyan dostları ilə birlikdə Tavuş bölgəsinə gediblər. Məlumata görə, o, Erməni Apostol Kilsəsinin Tavuş arxiyepiskopu Baqrat Qalstyanla görüşüb. Onlar rayonun bir neçə sərhəd kəndi ətrafındakı vəziyyəti müzakirə ediblər. Görüşdən sonra Petrosyan Əskiparaya (Voskepara) yollanıb. Petrosyan bildirib ki, kənd sakinləri ilə gündəlik təmaslar mövcud problemləri daha qabarıq göstərir. O, Əskiparada yaşayacağını və sona qədər kənd camaatının yanında olacağını iddia edib: “Burada dövlətçilik məsələsi həll olunur və bunu Əskiparada hamı başa düşür. Ən əsası odur ki, onlar deyirlər: heç bir şəraitdə təslim olmayacağıq. Hamımız onların yanında dayanıb əsaslı dəyişikliklərə buradan başlamalıyıq. Bu, son dərəcə vacibdir”. Qeyd edək ki, Əskipara (Voskepar) Azərbaycanın Yuxarı və Aşağı Əskipara kəndlərinin yanında yerləşir.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Ermənistanda kilsə və revanşistlər təlimatı xaricdən alır. Onun sözlərinə görə, Ermənistanda müəyyən revanşist qüvvələr anklav olmayan 4 kəndin Azərbaycana verilməməsi üçün hərəkətə keçib:
"Bu qrupların əsas məqsədi Nikol Paşinyana qarşı əhalinin etirazını formalaşdırmaq və nəticədə silahlı yolla hakimiyyət çevrilişinə nail olmaqdır. Həmin qruplar kilsə ilə birgə hərəkət edir və dayaq nöqtəsi kimi Tavuş vilayətində xalqı etiraza çağırırlar. Məlumdur ki, baş nazir danışıqlar yolu ilə dörd kəndi Azərbaycana qaytarmağı planlaşdırır. Hətta ötən gün Gürcüstana da bir kəndin qaytarılacağı barədə xəbər yayıldı. Revanşistlər və kilsə bu məsələyə etiraz etmədi. Belə çıxır ki, Azərbaycanla bağlı göstəriş xarici mərkəzdən verilib. Hazırkı etirazın arxasında erməni kilsəsi, keçmiş "Qarabağ klanı" və Rusiyada bəzi mərkəzlər dayanır. Bununla əsas istəklərini reallaşdırmağa çalışırlar. Yəni Azərbaycanla sülh müqaviləsinin bağlanmasının qarşısını almaq və daxildə Paşinyanın etimadını zəiflətmək istəyirlər. Yaranmış vəziyyətdən istifadə edərək silahlı çevrilişə əl atmağı da düşünürlər. İndiki halda erməni ordusundakı müəyyən qruplardan istifadə edilməsi də istisna edilmir. Paşinyanın əsas missiyası bu qrupları zərərsizləşdirmək və öz hakimiyyətini möhkəmləndirməkdir. Ermənistan hakimiyyəti prosesləri idarə edərək, 4 kəndin qaytarılmasına çalışacaq".