Siyasi ekspertlər ABŞ-Yaponiya-Filippin üçlüyünün də bunlardan biri olacağı qənaətindədirlər
Filippin Prezidenti Ferdinand Markos ölkəsində ABŞ-yə məxsus hərbi bazaların yerləşməsinə şərait yaradıb
ABŞ Prezidenti Cozef Baydenin təklifi ilə aprelin 11-də Vaşinqtonda Yaponiya Baş naziri Fumio Kişida və Filippin Prezidenti Ferdinand Markosla üçtərəfli görüş keçiriləcək. Görüşdə üçtərəfli iqtisadi əməkdaşlığın inkişafı yolları, yeni texnologiyalar və təhlükəsizlik mövzuları müzakirə ediləcək. Ekspertlərin fikrincə, Vaşinqton yeni üçlü ittifaqı Çinə qarşı formalaşdırmağa çalışır. Məlumdur ki, hər 3 ölkənin Çinin siyasəti ilə bağlı narahatlığı var.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a bildirib ki, aprel ayında Vaşinqtona yalnız Yaponiya Baş naziri Fumio Kişidanın səfəri nəzərdə tutulmuşdu. Ancaq daha sonra Ağ Ev Filippinin prezidentini də eyni gündə Vaşinqtonda görmək istədi:
"Tokio buna etiraz etmədi, əksinə, üçlü müzakirənin ümumi işin xeyrinə olacağını qəbul etdi. Üçlü ittifaqın Çinə qarşı olacağı rəsmi şəkildə elan edilməyib. Ancaq Vaşinqton son illərdə Çin ətrafında müxtəlif ittifaqlar formalaşdırıb, siyasi ekspertlər ABŞ-Yaponiya-Filippin üçlüyünün də bunlardan biri olacağı qənaətindədirlər. Dövlət katibi Antoni Blinken martın 19-da Filippinə səfəri zamanı əsas müzakirəni Çinin siyasəti ətrafında aparıb. Filippinlə Çin arasında gərginlik hərbi gəmilərin dənizlərdə bir-birinə yaxınlaşmasıyla əlaqəlidir. Filippin hərbçiləri ötən il Çini Cənubi Çin dənizində “təhlükəsiz olmayan hərəkətlərə” son qoymağa çağırmışdılar. Çin hərbi gəmisi Filippin hərbi gəmisini sıxışdırıb yolunu dəyişdirməyə məcbur etmişdi. Çin bütövlükdə Cənubi Çin dənizinə nəzarət etmək istəyir. Çünki dənizin bu hissəsində hər il 3 trilyon dollardan çox dövriyyənin olduğu gəmilər yük daşıyırlar. Filippin Çinin dənizin tamamına iddiasını qəbul etmir".
Ekspert diqqətə çatdırıb ki, Filippin Prezidenti Ferdinand Markos ölkəsində ABŞ-yə məxsus hərbi bazaların yerləşməsinə şərait yaradıb: "Bu, iki ölkə arasında hərbi ittifaqı gücləndirib. ABŞ Filippinə yatırımlarını artırıb, bu ölkədə texnoloji sənaye müəssisələrinin açılmasına dəstək verib. Filippin Prezidenti Ferdinand Markos ötən il Vaşinqtona səfər edib. Apreldəki səfər zamanı hərbi əməkdaşlığın inkişafına təkan verməlidir. Tokio da Cənubi Çin dənizindəki durumdan narahatdır. Yaponiya baş naziri hesab edir ki, bu gün Ukraynada baş verənlər yaxın müddətdə Şərqi Asiyada da baş verə bilər".