İran müharibə ilə üz-üzədir -PROQNOZ

Tehran iki generalının ölümü ilə barışmayacaq

 İran cavab olaraq qarşıdakı həftələrdə ABŞ və ya İsrail hədəflərinə hücum edə bilər
 
 
 Ötən gün İsrail aviasiyası Dəməşqdəki İran konsulluğunun binasına zərbə endirib. İranın Suriyadakı səfiri Hüseyn Əkbəri İsrailin F-35 qırıcılarından 5 raket atdığını və konsulluq binasının tamamilə darmadağın edildiyini bildirib. İsrailin hücumu nəticəsində SEPAH-ın Suriya və Livandakı qüvvələrinin komandiri general Məhəmməd Rza Zahidi və müavini də ölüb. SEPAH artıq iki generalının, 5 zabitinin öldüyünü təsdiqləyib. Qeyd edək ki, İsrailin İran səfirliyini vurması və diplomatların ölümü tarixdə ilk faktdır. İran İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatında deyilib ki, sionistləri cəhənnəm atəşi gözləyir. İranın dini rəhbəri Əli Xamenei də deyib ki, onlar bu cinayətlərə görə peşman ediləcək: "Şər rejim igidlərimizin əli ilə cəzasını alacaq. Allahın izni ilə onları bu və buna bənzər cinayətlərinə görə peşman edəcəyik”.  
 İran Prezidenti İbrahim Rəisi də bildirib ki, qorxaq cinayət cavabsız qalmayacaq: "Bir daha terror cinayəti və beynəlxalq qaydaların kobud şəkildə pozulması nəticəsində qəsbkar sionist rejimin çirkli əlləri ölkəmizin bir neçə general və zabitinin qanına bulaşıb. Sionist rejim öz nicatı uğrunda mübarizədə kor-koranə qətlləri öz gündəminə daxil edib, lakin bilməlidir ki, bu cür qeyri-insani üsullarla heç vaxt öz pis məqsədlərinə nail olmayacaqlar. Müqavimət cəbhəsinin gündən-günə gücləndiyinin, azad xalqların nifrətinin şahidi oluruq və bu qorxaq cinayət cavabsız qalmayacaq". İsrail tərəfi İranın Suriyadakı konsulluğuna hücum etmədiyini iddia edib. Təl-Əviv Dəməşqdə hücuma məruz qalan binanın İran səfirliyinə aid olmadığını söyləyib. Qeyd olunur ki, zərbə SEPAH-ın Qüds briqadasının istifadə etdiyi hərbi hədəfə endirilib.
 ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də İran konsulluğunun vurulmasına reaksiya verib. Onun sözlərinə görə, Vaşinqton İranın Dəməşqdəki konsulluğunda baş verən insidentlə bağlı məlumat toplayır: "Biz regiondakı tərəfdaşlarla danışıqlar aparırıq, əlavə məlumat toplayırıq, lakin hazırda nə hədəf, nə də cavabdeh tərəf barədə hansısa təsdiqimiz var. Əlavə sözüm yoxdur".
 Rusiya XİN-in yaydığı rəsmi açıqlamada bildirilib ki, Rusiya İranın Suriyadakı konsulluğuna edilən bu hücumu şiddətlə qınayır: “Biz toxunulmazlığı müvafiq Vyana Konvensiyaları ilə təmin edilmiş diplomatik və konsulluq obyektlərinə hər hansı hücumu qəti şəkildə qəbuledilməz hesab edirik. Hücumun əhalinin sıx məskunlaşdığı şəhər ərazisində həyata keçirilməsinə xüsusi diqqət yetiririk ki, bu da mülki əhali arasında yüksək kütləvi tələfat riski yaradır. İsrailin bu cür təcavüzkar hərəkətləri qətiyyən yolverilməzdir və dayandırılmalıdır. Beynəlxalq ictimaiyyətin bütün məsul üzvlərinin öz mövqelərini aydın şəkildə müəyyən etmələrini və bu hərəkətlərə müvafiq hüquqi qiymət vermələrini zəruri hesab edirik. Biz İsrail rəhbərliyini Suriyada və digər qonşu ölkələrdə bütün regionda son dərəcə təhlükəli nəticələrlə dolu olan təxribat xarakterli hərbi əməliyyatlar praktikasından əl çəkməyə şiddətlə çağırırıq”.
 "Hizbullah" da İsrail hərbi hava qüvvələrinin İran konsulluğuna hücumunu pisləyib. Təşkilat cinayətin cavabsız qalmayacağını deyib: "İsraildən qisas alınacaq. İsrail iki iranlı generalı öldürməklə regionda artan xalq müqavimət dalğasını dayandıra biləcəyinə inanmaqda səhv edir. Əksinə, Qəzzada on minlərlə uşaq və qadının ölümünə səbəb olan təkəbbürlü, qəddar düşmənlə qarşılaşmaq əzmini gücləndirəcək".
 İsrailin Dəməşq şəhərində İranın konsulluğuna zərbə endirməsindən sonra Təl-Əvivə qarşı səsləndirilən təhdidlərdə Azərbaycanın da adı çəkilib. İran parlamentinin üzvü Cəlal Rəşidi Kuçi İsrailin Azərbaycandakı diplomatik nümayəndəliyinə hücum etməyi təklif edib. Onun fikrincə, sionist rejimin İran torpağına hücumuna qəti cavab verməkdə tərəddüd və səbr etmək İranın izzət və abrına ağır zərbədir: "Təklif edirəm ki, cavab olaraq bu ölkənin qonşu ölkələrdəki diplomatik mərkəzlərindən birinə, əsasən Azərbaycandakı nümayəndəliyinə zərbə endirilsin".

 Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a açıqlamasında deyib ki, dəfələrlə İran hədəflərini vuran İsrail yenə adi praktikasına uyğun olaraq, insidentlə əlaqədar şərh verməkdən imtina edir. Ekspertin sözlərinə görə, hücumda öldürülən general Zahedi karyerası boyu bir neçə əsas vəzifədə çalışıb:
 "O, İranın təhlükəsizlik strukturunda yüksək nüfuza malik və yaxşı əlaqələri olan bir şəxs idi. Zahedi ən son olaraq Livan, İordaniya, Suriya və Fələstin ərazilərindəki əməliyyatlara nəzarət etməkdən məsul olan SEPAH Qüds Qüvvələri bölməsinə komandanlıq edib.
Demək olar ki, buna görə də İran və onun “müqavimət oxu”nu HƏMAS-İsrail müharibəsi başlayandan bəri Vaşinqton və Təl-Əvivə qarşı idarə etməkdə mühüm rol oynayıb. Digər general Hacı Rəhimi isə Zahedinin müavini idi. Qəzzada ötən ilin oktyabrından başlayan genişmiqyaslı müharibədə İranın oynadığı rol İsrailin səbrini daşırıb. Elə həmin zamandan etibarən İsrail İranın regiondakı logistika və təchizat kanalları, onların kuratorlarını intensiv olaraq hədəf taxtasına yerləşdirib.
Çünki İran Suriya ərazisindən Livandakı müqavimət oxunu koordinasiya edir və “Hizbullah”ın İsrailə hücumları üçün təchizat marşrutları ilə silahlar çatdırır.
 SEPAH-ın Livana daşınması üçün Suriyadakı logistika infrastrukturundan istifadə etməsi İsrailin bir sıra kəşfiyyat məlumatlarına çıxışına ehtiyac yaradırdı. Ona görə ki, İran Qəzzanın şimal arenasındakı döyüşlərdən istifadə edərək İsrailin hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq üçün yollar axtarırdı".

 Analitik vurğulayıb ki, Qəzzadan şimalda yerləşən arena “Hizbullah”ın Livandan İsrailə hücum səylərini təşviq edir:
 "Bu səylərə SEPAH-ın Qüds Qüvvələri, onun logistika və texnoloji bölmələri rəhbərlik edir. İranın “Hizbullah” təşkilatına cəlb etdiyi əməliyyatçılarla yanaşı, bu səyləri dəstəkləmək üçün qüvvələrin yardım bölmələrindən olan təlimatçı qruplar Livana göndərilir. İran bununla hesablayır ki, İsrailin hava hücumundan müdafiə sistemlərində zəif tərəflər yarada biləcək və rəqibinin dayanıqlı mühafizəsini təmin edən qurğuları məhv edəcək. Bunun üçün İran kiberəməliyyatlardan tutmuş proksi qüvvələrdən istifadəyə qədər kompleks tədbirlər hazırlamışdı, lakin İsrailin kəşfiyyat sahəsindəki hissetmə qabiliyyəti Tehranın planlarını puça çıxardı. Beləliklə, İsrail İranın Suriya-Livan oxundakı təhdidlərini tədrici “ölümə məhkum” etmək üçün Dəməşqdən idarə olunan qərargahları hədəf seçdi. İsrailin Dəməşqdəki əməliyyat mərkəzlərinə sonuncu hücumu isə İranın xəyal etdiyi unikal və eksklüziv imkanlara çıxışını məhdudlaşdırır. İran “Hizbullah” vasitəsilə İsrailə hücum kampaniyasını davam etdirmək imkanına malik olsa da, bu, o qədər də effekt vermir. İran başqa cavab variantları axtarır. Məsələn, İsrailin xaricdəki diplomatik və siyasi əməliyyatlarına qarşı alternativlər arayır. İran və onun proksi qruplardan ibarət müqavimət hərəkatları iki generalın öldürülməsinə cavab olaraq qarşıdakı həftələrdə ABŞ və ya İsrail hədəflərinə hücum edə bilərlər".