MKİ-nin direktoru israilli girovlarla bağlı danışıqlar üçün Qahirəyə gedəcək

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilliam Börns Qəzzada HAMAS tərəfindən saxlanılan israilli girovların azad edilməsi ilə bağlı danışıqlarda iştirak etmək üçün Qahirəyə gedəcək.
APA "New-York Times"ə istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbə bildirib. Mənbəni məlumatına görə, MKİ direktorunun şənbə günü Qahirəyə gedəcəyi gözlənilir. Davam edən danışıqlarda Uilliam Börnsla yanaşı, İsrailin kəşfiyyat agentliyi olan MOSSAD-ın rəhbəri David Barnea, Misir və Qətərdən olan rəsmilərin iştirakı gözlənilir. Nə amerikalılar, nə də israillilər birbaşa HAMAS-la danışmırlar. Onların təklifləri HAMAS üzvləri ilə danışan Misir və Qətər rəsmiləri vasitəsilə ötürülür.
Amerika rəsmiləri hesab edirlər ki, İsrail və HAMAS arasında döyüşlərin dayandırılması və Qəzzada saxlanılan israilli girovların və İsraildə saxlanılan fələstinli məhbuslarla dəyişdirilməsi müvəqqəti atəşkəsin qüvvəyə minməsi və Qəzza üçün humanitar yardımın artırılmasının yeganə yoludur.