İranın İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyat aparma ehtimalı aşağıdır -TƏHLİL

İsrail rəsmiləri İranın Suriyadakı konsulluğuna hücumdan sonra Tehranın onlara hücum edə biləcəyini göstərən kəşfiyyat məlumatlarına malik olduqlarını bildiriblər.
Bu barədə “Axios” qəzeti məlumat yayıb.
Məlumata görə, İran öz ərazisindən raket və ya dronlarla hücum edə bilər.


Sözügedən məsələ ilə bağlı “Sherg.az”a danışan Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Solton vurğulayıb ki, İran İsrailə qarşı onsuz da müharibə aparır. Yəni Livandakı Hizbullah, Husilər və SEPAH-ın Suriyadakı quruplaşmaları olan “Fatimiyyun”, “Zeynəbiyyun” ilə prosesi davam etdirir:
“İrana məxsus binada generallar və yüksək rütbəli zabitlərin İsrailin raket atəşi səbəbiylə ölməsi rəsmi Tehranın proksi qüvvələr vasitəsilə İsrailə qarşı apardığı savaşın nəticəsidir. Onlar, İran ərazisindəki hərbi və yaxud mülki obyektə hücum nəticəsində deyil, başqa bir ölkədə yerləşən binaya raket zərbələrinin endirilməsi nəticəsində dünyalarını dəyişiblər. Ona görə də İranın İsrailə birbaşa müharibə cəbhəsi açması ehtimalı azdır. Amma İran hakimiyyəti yuxarıda sadaladığımız qüvvələr vasitəsilə İsrail ərazisinə raket zərbələrini genişləndirə  və hansısa ölkədə terror aktı törədə bilər. Eyni zamanda rəsmi Tehranın İsrailə məxsus diplomatik missiya və nümayəndəliklərinin binalarına hücumlar təşkil etmə ehtimalı da var. Yəni İranın İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyat aparma ehtimalı aşağıdır”.

Ekspert qeyd edib ki, İran və İsrail arasında qarşıdurmanın bitməsi üçün Tehran hakimiyyətinin yəhudi dövlətinə qarşı münasibətinin dəyişməsi lazımdır:
“İran hakimiyyəti İsraili dünyanın siyasi xəritəsindən silmək üçün yürütdüyü “İsrailə ölüm” şüarından əl çəkmədiyi halda iki ölkə arasında qarşıdurma mövcud olacaq. Digər tərəfdən qarşıdurmanın normal dövlətlərarası ticarət və siyasi rəqabətə keçməsi üçün İranda hakimiyyətin dəyişməsi vacibdir. Mövcud hakimiyyətin İranı dini və ideoloji siyasətlə idarə etdiyi müddətcə İsrailə qarşı münasibət dəyişməyəcək”.