Politoloq: Gürcüstandakı olaylar diqqətlə və həyəcanla izlənilir

Bu ilin oktyabr ayındakı parlament seçkiləri dərin ixtilaf içərisində keçiriləcək
 
 
 Gürcüstanın paytaxtı Tbilisidə "Xarici agentlər haqqında" qanuna etirazlar davam edir. Etirazçılar qanun layihəsinin qəbul edilməməsini və gündəmdən çıxarılmasını istəyirlər. Gürcüstan parlamenti layihəni birinci oxunuşda qəbul edib. Hökumət qanunun qəbul olunmasına çalışır. Prezident S.Zurabişvili isə bunu Qərbə gedən yolun bağlanması və Rusiyaya meyletmə siyasəti kimi dəyərləndirib. ABŞ da Gürcüstanı “xarici agentlər haqqında qanun layihəsi”nin Avropa Birliyi (AB) dəyərlərinə uyğun gəlməməsi ilə bağlı xəbərdarlıqları nəzərə almağa çağırıb. Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel deyib ki, Vaşinqton qanun layihəsinin qəbul ediləcəyi təqdirdə sadə gürcülərin həyatını yaxşılaşdırmaq üçün çalışan vətəndaş cəmiyyəti təşkilatlarını ləkələyə biləcəyindən dərin narahatdır: "Hesab edirik ki, vətəndaş cəmiyyəti, jurnalistika, media qurumları istənilən demokratik cəmiyyətin təməl daşlarıdır, Gürcüstan hökumətini bu qanun layihəsinin AB norma və dəyərlərinə uyğun olmadığı və Gürcüstanın iqtisadi inkişaf yolunda irəliləyişinə mənfi təsir göstərəcəyi ilə bağlı xəbərdarlıqları nəzərə almağa çağırırıq".

 Politoloq Elxan Şahinoğlu vurğulayıb ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bir müddət əvvəl seçildiyi postda ilk ciddi sınağıyla üzləşib. Müxalifətin öz tərəfdarlarını paytaxt Tbilisidə etiraza çağırmasına baxmayaraq, hökumət “Xarici təsirin şəffaflığı haqqında” qanunu qüvvəyə mindirməkdə qətiyyətini davam etdirir: 
"ABŞ və Avropa İttifaqı qanun layihəsiylə bağlı Gürcüstan hökumətinə təzyiqini artırıb. Bu da hökumətin mövqeyini dəyişməyib. Hakim “Gürcü arzusu” Partiyası Gürcüstanın Avropa İttifaqına üzvlüyü qarşısına hədəf qoysa da, xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və medianın fəaliyyətini nəzarət altına almağa çalışır. Müxalifət və Qərblə yanaşı Gürcüstan Prezidenti Salome Zurabişvili də bu qanunun əleyhinədir. Gürcüstanda unikal vəziyyət yaranıb. Gürcüstan prezidenti hökumətin qərarından xarici dövlət başçılarına şikayət edir. Baş nazir isə prezidenti xarici agent adlandırıb. Görünür ki, Gürcüstanda bu ilin oktyabr ayındakı parlament seçkiləri dərin ixtilaf içərisində keçiriləcək".

 Ekspert deyib ki, qonşu Gürcüstandakı olaylar ölkəmizdə diqqətlə və həyəcanla izlənilir: 
"Çünki strateji tərəfdaşımız olan Gürcüstanda sabitliyin pozulması Azərbaycanın maraqlarına cavab vermir. Azərbaycanı Türkiyə və Avropa ilə birləşdirən nəqliyyat dəhlizləri və boru xətləri Gürcüstandan keçir. Gürcüstanın xaosa yuvarlanması enerji və nəqliyyat layihələrinə təhlükə yarada bilər. Zəngəzur dəhlizinin işə düşməsi bu səbəbdən də vacibdir ki, nəqliyyat xətləri şaxələndirilsin və Azərbaycan yalnız bir ölkənin tranzit imkanlarından asılı olmasın".