“Məsələ ondadır ki, ABŞ və Rusiya arasında Gürcüstanla bağlı ciddi mübarizə gedir"
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-yə səfərini ləğv etmək qərarına gəlib. Çünki Amerika “Xarici agentlər haqqında” qanun layihəsinə baxılmasını dayandırmağı tələb edib. Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, Gürcüstanın Baş naziri ABŞ-yə bir şərtlə dəvət olunub ki, səfərdən əvvəl ölkə parlamenti “xarici təsirin şəffaflığına dair” qanun layihəsinə baxılmasını müvəqqəti dayandırsın: "Şərti səfərin həyata keçirilməsi etimad və qarşılıqlı hörmətə əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir və bu barədə ABŞ səfirinə ətraflı izahat verilib". Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmisi Con Kirbi bildirib ki, ABŞ Gürcüstan parlamentinin “Xarici agentlər haqqında” qanun layihəsini qəbul etməsinin bu ölkədə demokratik əsasları sarsıda biləcəyindən narahatdır: “Biz bu qanun layihəsinin fərqli fikirlər, söz azadlığı və Gürcüstanın haqlı olaraq fəxr etdiyi demokratik prinsiplərə və demokratiyaya potensial zərəri baxımından çox narahatıq”. Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen də deyib ki, Gürcüstan Avropaya doğru kursa sadiq olmalıdır: “Gürcüstandakı vəziyyəti böyük narahatlıqla izləyirəm və Tbilisidə küçələrdə baş verən zorakılığı pisləyirəm, gürcü xalqı Avropa kursu ilə getməlidir”. Qeyd edək ki, bir neçə gündür Tbilisidə parlament binası yaxınlığında "Xarici agentlər haqqında" qanunun qəbuluna etiraz olaraq aksiyalar keçirilir. Etirazçılar və beynəlxalq ictimaiyyət qanun layihəsini insan hüquqlarını məhdudlaşdırdığı üçün tənqid edirlər. Ekspertlərə görə, baş verən hadisələr ölkədə Qərblə Rusiyanın maraqlarının mübarizəsinin davam etdiyini deməyə əsas verir. Ötən illər ərzində Qərb Gürcüstana yeni nəsə verə bilməyib. Sabiq prezident Mixeil Saakaşvili hələ də həbsdədir. Separatçılar öz “müstəqilliklərini” elan edib və mövcudluqlarını qoruyur, Rusiyanın nüfuz dairəsində yaşayırlar. Rusiya ilə Gürcüstan arasında əlaqələrin kəsilməsi ölkə iqtisadiyyatını bonus və qrantlardan asılı vəziyyətə salıb. Bu isə iqtisadiyyatın inkişafının qarşısını alan səbəblərdəndir.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, Gürcüstan hakimiyyəti Avropa İttifaqına daxil olmaq niyyətində deyil, yəni hökumətin belə bir planı yoxdur və bunu özləri də dilə gətirirlər. Ekspert vurğulayıb ki, 2011-ci ildə Rusiyanın Gürcüstan üzərində qalibiyyəti oldu:
"Gürcüstan Ukrayna kimi əldən çıxmışdı. Amma orada seçki yolu ilə kontur-inqilab baş verdi. Seçkidə insanlar legitim yolla "Gürcü Arzusu"na səs verdilər və bu partiyanı hakimiyyətə daşıdılar. Gürcüstan daxilindəki siyasi partiyalar arasında mübarizəyə nəzər salaq. Bütün MDB məkanında ən çox qütbləşmənin müşahidə olunduğu, müxtəlif ideologiyalar olan, xarici siyasi baxışları bir-biri ilə uzlaşmayan yeganə ölkə Gürcüstandır. Bu məsələdə nisbətən Moldova Gürcüstana yaxın ola bilər. Ən mühüm məsələ nədən ibarətdir? Məgər indi Gürcüstanda etiraza səbəb olan, Qərbin də narazılıq ifadə etdiyi "Xarici agentlər haqqında" qanun Qərb ölkələrində yoxdurmu? Qərb hansı əsasla Gürcüstanı tənqid edir? Hansı Qərb dövləti icazə verər ki, onun daxilində siyasi partiyalar, QHT xaricdən maliyyələşsin? Ona görə də Qərb dairələri Gürcüstan hökumətinin bu təşəbbüsünə hörmətlə yanaşmalıdır. Əlbəttə, biz dost və qonşu ölkə Gürcüstanın daxili işlərinə qarışmırıq. Özləri məsələni həll edəcəklər. Ancaq sözügedən qanun layihəsinin müzakirəsi leqal prosedurdan keçir. Səs çoxluğu olacaqsa, qəbul olunacaq, əks halda isə parlamentdən keçməyəcək. Həm də qanunda Prezidentin də imzası olmalıdır. Prezident Salome Zurabişvili isə deyir ki, parlament qəbul etsə belə, o, imza atmayacaq. Gürcüstanda oktyabrda parlament seçkiləri keçiriləcək. Müxalifət ümid edir ki, prosesi yubatsalar, qarşıdan gələn parlament seçkisində vəziyyət dəyişə bilər. Bəs indiki vaxtda Bidzina İvanişviliyə vəziyyəti gərginləşdirmək lazım idimi? Hökumətin geri addım atması seçkilərin nəticələrinə də təsirsiz ötüşməyəcək. Məsələ ondadır ki, ABŞ və Rusiya arasında Gürcüstanla bağlı ciddi mübarizə gedir".