“Xarici agent” qanunu ilə bağlı etiraz aksiyaları bu siyasi kampaniyaya baş məşq də sayıla bilər
Gürcüstanın Daxili İşlər Nazirliyi ölkədə aksiya keçirmək istəyən insanlara sərt xəbərdarlıq edib. Mərkəzi Kriminal Polis Departamentinin rəisi Teymuraz Kupatadze bildirib ki, polis qüvvələri mitinq iştirakçılarının zorakılıq hərəkətlərinin qarşısını qanun çərçivəsində alacaq. Bu zaman Amerikanın və Avropanın qabaqcıl ölkələrində tətbiq edilən analoji sərt tədbirlər tətbiq olunacaq. O, Avropanın qabaqcıl ölkələrində və ABŞ-də polisin toplantılar və nümayişlər zamanı izdihamı idarə etmək və lazım gəldikdə qanunla müəyyən edilmiş xüsusi vasitələrdən istifadə etmək üçün tətbiq etdiyi tədbirlər haqqında ictimaiyyətə məlumat verib. Kupatadze əlavə edib ki, Gürcüstan polisi toplantı və nümayişlər zamanı həmişə beynəlxalq standartlara uyğun hərəkət edir: “Mitinqin bütün iştirakçılarını və təşkilatçılarını xəbərdar edirik ki, polis mitinq iştirakçılarının zorakılıq hərəkətlərinin qarşısını qanuna uyğun almağa başlayacağı bir vaxtda, Amerika və Avropanın qabaqcıl ölkələrində qəbul edilən tədbirlər kimi sərt tədbirlər tətbiq olunacaq”. Bu arada Qərbin Gürcüstan hökumətinə yönəlik iradları və xəbərdarlıqları davam etməkdədir. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib ki, Gürcüstan hökuməti kursunu dəyişməlidir. Onun sözlərinə görə, qanun layihəsinə etiraz edənlərə qarşı görülən tədbirlərdən və onun təsdiqi istiqamətində görülən işlərdən çox narahatdırlar: "Biz vətəndaş cəmiyyəti nümayəndələrinə, müxalifət fəallarına və jurnalistlərə qarşı təqib və fiziki gücdən istifadə hallarının artması ilə bağlı məlumatlardan xəbərdarıq. Bunu pisləyirik və dərhal tam araşdırma aparmağa çağırırıq". Millerin sözlərinə görə, ABŞ Gürcüstanla qarşılıqlı fəaliyyəti davam etdirməyə hazırdır: “Amma Gürcüstan hökuməti bunun üçün kursunu dəyişməlidir”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, siyasi şərhçi Samir Əsədli "Sherg.az"a açıqlamasında deyib ki, Gürcüstanda son zamanlar baş verənlər beynəlxalq güclərin maraqlarının toqquşmasıdır. Ekspert vurğulayıb ki, qonşu ölkədə baş verən hadisələr ölkədə Qərblə Rusiyanın maraqlarının mübarizəsinin davam etdiyini deməyə əsas verir:
"Ötən illər ərzində Qərb Gürcüstana yeni nəsə verə bilməyib. “Demokratların Çe Gevarası” - Mixael Saakaşvili hələ də həbsdədir. Separatçılar öz “müstəqilliklərini” elan edib və mövcudluqlarını qoruyur, Rusiyanın nüfuz dairəsində yaşayırlar. Rusiya ilə Gürcüstan arasında əlaqələrin kəsilməsi ölkə iqtisadiyyatını bonus və qrantlardan asılı vəziyyətə salıb. Bu isə iqtisadiyyatın inkişafının qarşısını alan səbəblərdəndir. Odur ki, hakimiyyət Rusiya ilə münasibətləri bərpa etmək xəttinə üstünlük verir. Onlar hesab edirlər ki, Qərblə əməkdaşlıq Gürcüstanı iqtisadi, siyasi və ərazi bütövlüyünü təmin baxımından geri salıb. “Xarici agent haqqında” qanun vasitəsilə xaricdən qrant alan qeyri-hökumət təşkilatlarının fəaliyyətinə nəzarət edilir. Beynəlxalq ictimaiyyət bunu insan hüquqlarının məhdudlaşdırdığı üçün tənqid edirlər. İvanişvili "“Xarici agentlər haqqında” qanun qəbul edilərsə, Avropa İttifaqının qapıları Gürcüstanın üzünə bağlanacaq" kimi fikirlərə münasibət bildirərkən deyib ki, 2030-cu ildə ölkəsi quruma üzv olacaq".
Samir Əsədli diqqətə çatdırıb ki, Gürcüstandakı bugünkü siyasi gərginlikdən çıxış yolu parlament seçkisində tərəflərdən birinin (hakimiyyət və müxalifətin) uğurundan asılıdır: "Bu il oktyabrın 26-da ali qanunverici orqana növbəti seçkinin keçiriləcəyi gözlənilir. “Xarici agent” qanunu ilə bağlı etiraz aksiyaları bu siyasi kampaniyaya baş məşq də sayıla bilər. Hakimiyyət və müxalifət bu payız qarşılaşmasından əvvəl qüvvələri yoxlayır. Bu həm də, Gürcüstanda Qərb və Şimalın maraqlarının təmininin göstəricisi ola bilər. Hadisələr hələlik ölkədə tərəflərin güc toplaması ilə müşayiət edilir. Cənubi Qafqazda sabitlik, təhlükəsizlik, əməkdaşlığa uğur gətirəcəyinə ümid etmək istərdik".