ATƏT Ermənistanı konstruktiv mövqe bildirməyə çağırsın: - RƏY

Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır

  Prezident İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. İan Borq səfərinin regional xarakter daşıdığını deyib. O, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını və sülh müqaviləsi üzrə danışıqlar prosesini dəstəklədiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin və bu prosesin əsasını təşkil edən fundamental prinsiplərin təşəbbüskarı məhz ölkəmiz olub və sülh müqaviləsinin mətni də Azərbaycan tərəfindən hazırlanaraq müzakirəyə təqdim edilib. Dövlət başçısı bildirib ki, hazırda sülh gündəliyinin irəliyə aparılması üçün Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi davam etdirilir. Ölkə rəhbəri diqqətə çatdırıb ki, bu təşkilat, Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün heç nə etməyib.
  Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib. Prezident vurğulayıb ki, Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək, işğala son qoyub. Ermənistan-Azərbaycan münaqişəsinin tarixdə qaldığını və mövcud olmadığını deyən dövlətimizin başçısı qeyd edib ki, buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür. Görüşdə ATƏT çərçivəsində nəqliyyat bağlantıları məsələlərinə dair fikir mübadiləsi aparılıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşündə deyib ki, mandatı tükənmiş, arxaik xarakter daşıyan Minsk qrupunun saxlanılmasına heç bir ehtiyac yoxdur: “ATƏT daxilində olan Minsk qrupu 30 illik faəliyyətində Azərbaycan-Ermənistan münaqişəsinin həllinə heç bir fayda verməyib”.
  Millət vəkili Aydın Mirzəzadə "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT-lə bağlı mövqeyini açıq şəkildə səsləndirməsi dövlətçilik və siyasət baxımından tamamilə düzgündür. Deputatın sözlərinə görə, Azərbaycan öz suverenliyinə, bugünunə və sabahına aid bütün məsələlər barədə aydın danışır: 

"İstəyirik ki, qarşı tərəflər də aydın mövqe tutsunlar. ATƏT-in Minsk qrupu faktiki olaraq uzun illər ərzində münaqişənin uzadılmasına, defakto işğalın qanuniləşdirilməsinə çalışırdılar. Azərbaycanın özü bu problemi həll etməsəydi, indi ATƏT-in Minsk qrupunun həmsdərləri regiona səfərlər edərək, diplomatik bəyanatlar verməklə məşğul idilər. O baxımdan dövlət başçısının Azərbaycanın mövqeyini növbəti dəfə diqqətə çatdırması doğrudur. Qəribə olan odur ki, problem həll edilsə də, Azərbaycan və Ermənistan hazırda sülh müqaviləsi üzərində işləsələr də, ATƏT yenə də lazımsız qurumu saxlamağa davam edir. Bəlkə də ona maliyyə vəsaiti ayırır, ştatlar saxlanılır, yazışmalarla hansısa iş görüntüsü yaradılır. Əgər münaqişə bitibsə, problem həll edilibsə, Minsk qrupu üzərinə düşəni etməyibsə və ona görə də Azərbaycan tərəfindən qəbul edilmirsə, bunu saxlamağın nə mənası var?!".
  Parlament üzvü vurğulayıb ki, ATƏT problemin həllində rol oynamaq istəyirsə, Ermənistanı konstruktiv mövqe bildirməyə çağırsın: "Yaxşı olar ki, ATƏT Ermənistanın törətdiyi cinayətləri qınasın. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinə yüksək qiymət versin. Kifayət qədər böyük büdcəyə malik olan bir təşkilat işğaldan azad olunan ərazilərdə bərpa işlərinə öz töhfəsini vermir, heç bir layihəni maliyyələşdirmir. O səbəbdən Azərbaycan rəhbərliyinin iradları tam yerindədir.