Xamenei Rəisinin cənazə namazını qıldı

Helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər rəsmilər üçün paytaxt Tehranda cənazə namazı qılınıb.
Bakupost.az xəbər verir ki, İran lideri Ayətullah Əli Xamenei Tehran Universitetinin kampusunda cənazə namazı qılıb. Məhdud sayda insanın buraxıldığı ibadət sahəsinə daxil olmaq üçün minlərlə insan universitetin qapılarında gözləyib.
Namazdan sonra Azadi meydanında keçiriləcək dəfn mərasimində iştirak etmək istəyən yüz minlərlə insan universitetin yanındakı İnqilab meydanında və bölgəyə gedən yollarda toplaşıb.
İzdihamın artması və gediş-gəlişin çətinləşməsi ilə əlaqədar rəsmilər ictimaiyyəti Azadi küçəsindən mərasimin keçiriləcəyi Azadi meydanına yönəldib. Camaat meydana doğru yürüş edib.
Mərasimdən sonra prezidentin cənazəsi Məşhəd şəhərinə göndəriləcək, xarici işlər naziri Abdullahiyanın cənazəsi isə Tehranda qalaraq orada dəfn olunacaq.