Çünki Avropa İttifaqının hazırda öz üzərində böyük yükü var
AB ölkələri Moldova və Ukraynanın onların üzvlüyünə qəbulu ilə bağlı rəsmi danışıqlara iyunun 25-də başlamaq niyyətindədirlər.
Bu barədə “Politiko” qəzetinin Avropa nəşri beş diplomata istinadən məlumat yayıb.
Onun sözlərinə görə, assosiasiyaya üzv ölkələr bu niyyətini hələ 2023-cü ilin dekabrında bəyan ediblər, lakin Macarıstanın razılaşmaması və AB-nin genişlənməsi məsələsinin 6-9 iyun tarixlərində keçiriləcək Avropa Parlamentinə seçkilər zamanı əsas mövzuya çevrilə biləcəyindən ehtiyatlanması səbəbindən qərar təxirə salınıb.
Mövzunu “Sherg.az”a şərh edən hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, ümumiyyətlə, Avropa Birliyinə üzvlük və üzvlük prosesinə danışıqların başlanılması fərqli məsələlərdir:
“30 ildir ki, Türkiyənin AB-yə daxil olma məsələsi müzakirə edilir. Amma hələ yekun nəticə yoxdur. Avropa İttifaqı Türkiyəyə hər gün bir bəhanə göstərməklə üzvlük məsələsini yubadır və danışıqları davam etdirir. Əgər Avropa İttifaqı hansısa ölkəni öz sıralarına daxil etmək niyyətində olsaydı, heç bir bəhanə gətirməzdi. Hətta bəzi problemləri ötr-basdır edərdilər. Moldova və Ukraynanın AB-yə üzv olma məsələsi də Türkiyədə olduğu kimi uzadılacaq. Çünki Avropa İttifaqının hazırda öz üzərində böyük yükü var. Dünyada ciddi şəkildə iqtisadi dəngəsizlik yaranıb. Avropa Birliyi də öz ölkələrini maliyyələşdirmək istiqamətində olan problemləri aradan qaldırmaqda əziyyət çəkir. Ukrayna kimi, infrastrukturu zədələnmiş ölkəni sıralarına qatmaq Avropa Birliyinin yükünü daha da artıracaq. Eyni zamanda Moldova kimi siyasi istiqrarı tam formalaşmayan ölkəni də tərkibinə almaq Avropa üçün yaxşı heç nə vəd etmir. Ukrayna və Moldovanın Avropa İttifaqına üzv olması ilə bağlı danışıqlardan imtina edilməyəcək. Amma hər iki ölkənin AB-yə üzv olmasını gözləmək düzgün deyil. Bu, sadəcə olaraq Ukraynanı yenidən anti-Rusiya addımlarında istifadə etmək üçün verilən vədlərdir. Moldova da Qərbmeyilli və anti-Rusiya addımları ilə tanınan ölkədir. Ona görə də Aİ Moldovaya bəzi vədlər verərək aralarındakı isti əlaqələri qorumağa çalışır”.