Post-kolonial siyasət: Yeni Kaledoniya Fransa müstəmləkəsindən təngə gəlib

Fransanın Yeni Kaledoniya ərazisində etiraz aksiyaları və toqquşmalar davam edir.
Bununla bağlı Türkiyə mediası görüntü paylaşıb.
Paylaşılan görüntülərdə etirazçılara qarşı zor tətbiq edildiyi görünür.
Qeyd edək ki, Fransa on ildən artıq adada yaşayanlara vətəndaşlıq verilməsi haqqında konstitusiyaya dəyişiklik etmək istəyir. Məqsəd isə demoqrafiq müdaxilə yolu ilə qarşıda keçiriləcək seçki və referendumlarda nəticəni Fransanın xeyrinə dəyişməkdir. Yerli əhali buna qəti şəkildə etiraz edir.

Son məlumata görə, Yeni Kaledoniyada baş verən iğtişaşlar nəticəsində 6 nəfər ölüb, onlarla insan yaralanıb, 200-dən çox şəxs saxlanılıb. Muxtar quruma 200 milyon avrodan çox ziyan dəyib. Baş verən etirazlar fonunda Prezident Makron adaya səfərə gedib.

Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Sultan Zahidov bildirib ki, 21 əsrdə də Fransanın post-kolonial siyasəti davam etməkdədir: 

“Bir neçə il öncə Fransa Afrikadan qovulmuşdu. Həmin vaxt Niger, Mali və Burkina Fasodan Fransa hərbiçilərinin çıxarılması tələb olunmuşdu. Bu isə Fransa üçün regionda ağır zərbə idi. Reallıq onu göstərdi ki, həmin ölkələr Fransa müstəmləkəsindən təngə gəlib və onun regionda olmasını istəmirlər. Bunların fonunda isə Fransa müstəmləkəçilik siyasətini Cənubi Qafqaz, Mərkəzi Asiya, Sakit və Hind Okeanı hövzələrində davam etdirməyə çalışıb. Yeni Kaledoniyada son vaxtlar Fransa müstəmləkəçiliyinə qarşı ard-arda etirazlar baş verir. Rəsmi Paris höküməti adada yeni qanunvericilik tətbiq etmək istəyir. Həmin qanunvericiliyə görə ən tezi 10 il əvvəl adaya gəlmiş şəxslər səsvermədə iştirak edə bilərlər. Bu qanun isə adada yaşayan yerli əhalinin səsvermə hüququnun əlindən alınmasına hesablanıb. Fransa polisinin adada yerli xalqa qarşı göstərdiyi şiddət və həmin əraziyə əlavə hərbiçilərin göndərilməsi ilə bağlı əmrin verilməsi Emmanuel Makronun post-kolonial siyasətindən əl çəkmək niyyətində olmadığının göstəricidir. Fransa sözügedən adaya Sakit Okean hövzəsində əsas forpostlarından biri kimi baxır. Regionda Fransanın müəyyən dayaqlarının olması onun üçün zəruri əhəmiyyət kəsb edir. Ona görə də Yeni Kaledoniyanın Fransa üçün əhəmiyyəti böyükdür”.