İranın Ermənistanla əlaqələri genişləndirmək siyasəti davam edəcək.
Bunu İranın ali dini lideri Əli Xamenei Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.
“Mərhum prezidentimizin Ermənistanın sərhəd problemlərinə böyük həssaslığı var idi, bu həssaslıq və diqqət bundan sonra da nəzərə alınmalıdır. İranın Ermənistanla əlaqələri genişləndirmək siyasəti cənab Müxbirin rəhbərliyi altında davam edəcək. İran və Ermənistan arasında münasibətlərin əleyhdarları var, ona görə də hər iki ölkə ilə bağlı məsələlər böyük diqqətlə həll olunmalıdır”, - o bildirib.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən politoloq Natiq Miri bildirib ki, Əli Xameneinin açıqlamasında iki əsas məqam diqqəti cəlb edir:
“Birincisi İranın Ermənistanla bağlı siyasətinin davam edəcəyi vurğulanır. Bu isə Ermənistanda olan təhlükəsizlikdə bağlı narahatlıqla əlaqəlidir. İbrahim Rəisinin helikopter qəzasında vəfat etməsindən sonra Ermənistanın siyasət çevrələrində rəsmi İrəvanın təhlükəsizliyi ilə bağlı ciddi boşluqların olacağı vurğulandı. Eyni zamanda, İranın Ermənistana qarşı münasibətinin dəyişəcəyi ilə əlaqədar fikirlər deyilirdi. Çox güman ki, həmin fikirləri Xameneiyə çatdırıblar. Xamenei də Ermənistanın ərazi bütövlüyü və təhlükəsizliyində qırmızı xətt siyasətinin davam edəcəyini bildirməklə həmin narahatlığı aradan qaldırdı. Digər tərəfdən isə Xamenei Ermənistan-İran əlaqələrinin genişləndirmək siyasətinin indiki vəziyyətdə də davam edəcəyini xüsusi vurğulamaqla iki ölkə münasibətlərində heç bir boşluğun olmayacağı mesajını verdi. Ona görə də İranla Azərbaycan arasında münasibətlərin ən yüksək məcraya qalxacağından danışanlar başa düşməlidir ki, rəsmi Tehranın əsil üzü budur. İran hər zaman belə olacaq. Çünki bu siyasətin arxasında türk düşmənçiliyi dayanır. İranın Azərbaycan və Türkiyəyə münasibəti tamamilə dəyişməyəcək. İran qlobal güclərin tələb etdiyi siyasəti həyata keçirir”.
Qeyd edək ki, Ermənistan Baş naziri Paşinyan Rəisinin vida mərasimində iştirak etmək üçün Tehrana gedib.