Analitik: Fələstinin tanınması Avropada sürətlə genişlənir

İrlandiya, Norveç və İspaniya səfirləri İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə "Jerusalem Post" məlumat yayıb.
Bu diplomatlar onların təmsil etdiyi ölkələrin Fələstini müstəqil dövlət kimi tanımaq barədə qərarı bəyan etdikdən sonra İsrail XİN-ə çağırılıb.


Siyasi şərhçi Elmir Səftərov “Sherg.az”a bildirib ki, Qəzzadakı cinayətlərin, mülki insanların qətliamının dayandırılması və fələstinlilərin təhlükəsizliyinin təmin edilməsində beynəlxalq ictimaiyyətin ciddi öhdəlikləri olsa da, bu istiqamətdə hələ ki ciddi addımların atılmadığının şahidiyik:

“Bununla bərabər, Qəzza xalqının dirənişini qırmaq üçün başda ABŞ olmaqla Qərbin dəstəklədiyi savaş gedir. Bu da xalqın dirənişinin böyüklüyündən və mübarizə əzmindən xəbər verir. Bir ilə yaxınlaşan bu qeyri-bərabər savaş dünyada ictimaiyyəti arasında ciddi narahatlığa səbəb olub, hətta insanlar arasında böyük etiraz aksiyaları ilə da yadda qalır. Eyni zamanda, dünyanın müxtəlif ölkələrində uşaqların, xəstələrin, yaşlıların, qadınların öldürülməsinə qarşı dinc aksiyalar keçirilir. Bu etirazlar da müəyyən dərəcədə dövlətlərin xarici siyasətinə təsir edir, İsrailin dünyanın gözü qarşısında törətdiyi cinayətlərə dur demək öhdəliyi qarşısında qoyur. Nəticədə isə Yaxın Şərqdə cərəyan edən problemin Fələstin dövlətinin qurulmasından sonra münaqişəni başa çatdıracağını deməyə əsas verir. Buna görədir ki, bir müddət əvvəl Fransa Prezidenti Emmanuel Makron çıxışı zamanı "Fələstin dövlətini tanımaq Fransa üçün tabu deyil" demişdi. Artıq Fransa və Avropanın digər dövlətləri də anlayır ki, qəzzalıların öldürülməsi, məcburi köçkün edilməsi beynəlxalq hüquqa ziddir və bu tendensiya Avropa üçün də ciddi fəlakətlərə səbəb ola bilər. Çünki müharibə zonasında olan mülki əhaliyə edilən humanitar yardım onlara kifayət etmir. Bu da dinc sakinlərin aclıqdan və xəstəlikdən ölmələrinə səbəb olur. Sözügedən məsələ beynəlxalq hüququn işləmədiyinin sübutudur və BMT-nin 5 daimi üzvü olan ölkələrdə məsuliyyət də yaradır. Oxşar məzmunda çıxış edən Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron da Fələstin dövlətinin rəsmi tanınmasının gündəmdə olacağını bildirmişdi. Bu cür tendensiya artıq Avropada sürətlə genişlənir və müəyyən dərəcədə İsraildə tələskənlik yaradır ki, tez bir zamanda öz məqsədlərinə nail olub, işğalı nəyin bahasına olursa olsun tamamlasın. Bu cür təzyiqlərə rəğmən, İsrail ən yaxın tərəfdaşı ABŞ-dan güclü dəstək aldığı üçün öz məqsədlərinə doğru fəaliyyət həyata keçirir. Nə qədər ki, İsrailə sözdə yox, real addımlara dur deyən olmayacaq Qəzzadakı qətliam Tel-Əvivin istədiyi xətt üzrə davam edəcək”.