Azərbaycan-İran münasibətlərinin normallaşması bütövlükdə Cənubi Qafqaz və Xəzər dənizi regionunda vəziyyətə müsbət təsir göstərəcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Moskva Cənubi Qafqaz ölkələri və onların qonşuları arasında regional layihələrin inkişafında böyük potensial görür: “Xüsusilə bu məntiq Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi üzrə işimizdə öz əksini tapıb. Biz Bakı və Tehranla, o cümlədən Rusiya-Azərbaycan-İran dialoq formatı çərçivəsində, həmçinin “3+3” məşvərətçi regional əməkdaşlıq platforması çərçivəsində sıx əməkdaşlığı davam etdirməyə sadiqik. Xatırladım ki, bura Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan daxildir. Biz əminik ki, regional oyunçuların özləri kənar müdaxilə olmadan mövcud problemlərin həlli yollarını axtarmalıdırlar. Bunun üçün müvafiq müsbət təcrübə var və biz buna arxalanmalıyıq”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.