Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağda Azərbaycanla müharibədə uduzduğuna görə bütün məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışır.
Bunu "Qazeta.ru"ya müsahibəsində Dövlət Dumasının deputatı, ermənipərəstliyi ilə seçilən Konstantin Zatulin deyib.
O, Paşinyanın 2020-ci ildə Bakıya yardım göstərdiyinə görə KTMT-yə üzv iki ölkəyə qarşı ittihamlarını belə şərh edib:
“Mənim mövqeyim çoxdan bəllidir. Paşinyan yalançı və əclafdır, erməni xalqının qəzəbini Rusiyaya yönəltməyə çalışır, sələflərinin və bütün erməni xalqının uzun illər mübarizə apardığı hər şeyi uğursuzluğa düçar etmiş və itirmişdir”.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a açıqlamasında bildirib ki, Zatulin Rusiyanın Ermənistan daxilində vəziyyətin gərginləşməsini tam olaraq həyata keçirə bilmədiyi fikrini etiraf edir:
“Eyni zamanda, qeyd edir ki, Paşinyan faktiki olaraq kənar güclərin imkanlarını məhdudlaşdırmağı bacardı. İndi Rusiya son çıxış yolu kimi ermənipərəst olan deputatı qabağa verməklə erməni cəmiyyətini tərpənməyə sövq edir. Yəni əslində Rusiyanın dəstək verdiyi Qarabağ klanının nümayəndələrinin səhvlərini Paşinyanın üzərinə atmaq istəyirlər. Həm də açıq mesaj verir ki, Ermənistan Paşinyana qədər Qarabağ uğrunda mübarizə aparıb. Yəni Paşinyan hakimiyyətə gəlməklə Qarabağda uduzdu və digər əraziləri də Azərbaycana qaytardı. Amma görünən ondan ibarətdir ki, Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərindən geri çəkilməsi, uzun illər xəstə erməni miflərinin yaranmasından xəbər verir. İndi də reallığı Paşinyan başa salanda keçmiş Ermənistan hakimiyyətlnin nümayəndələrinə sərf etmir. Ona görə də kənardan bu cür açıqlamalar səsləndirməklə məsələni daha qabarıq və ağır bir formaya gətirməyə çalışırlar. Bu qədər açıq bir şəkildə Paşinyanı sıradan çıxarmaq istəyirlər. Amma inanmıram ki, Paşinyan belə çıxışlara görə hakimiyyətdən getsin”.