Rusiya Gürcüstanda Qərbə dirəniş göstərir - ŞƏRH

Proseslər Qafqaz uğrundakı mübarizənin yenidən alovlandığına işarədir

  Gürcüstan parlamentinin Hüquqi Məsələləri Komitəsi Prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı” qanununa vetosunun ləğvini dəstəkləyib. Ölkə başçısı Salome Zurabişvili mayın 18-də “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoymuşdu. Almaniya xarici işlər naziri Annalena Berbok isə deyib ki, Gürcüstan hakimiyyəti “Xarici təsir haqqında” qanun layihəsini qəbul etməklə ölkənin Avropa İttifaqına gedən yolunu bağlayır. O bildirib ki, sözügedən addım həm də hakimiyyətin gürcü xalqının iradəsinə qarşı çıxmaq niyyətindən xəbər verir: “Mən çox təəssüf edirəm ki, Gürcüstan hakimiyyəti bu qanunla ölkəni Avropaya aparan yolunu bağlayır. Bu isə gənclər başda olmaqla, bütün vətəndaşların arzusudur”.
  Azərbaycan Demokratik Partiyasının sədr müavini, politoloq Həsrət Rüstəmov "Sherg.az"a deyib ki, Gürcüstandakı proseslər Qafqaz uğrundakı mübarizənin yenidən alovlandığını göstərir. Partiya təmsilçisi vurğulayıb ki, "rus qanunu" adlandırılan bu layihə gürcü demokratları üçün ölümcül zərbədir:

"Çünki bütün qeyri-hökumət sektoru məhz Avropa fondlarından maliyyələşir. Bu qanunun qəbulu isə xaricdən maliyyələşməni qadağan edir. Prezidentin və ictimaiyyətin hökumətə və parlamentdəki çoxluğa müqaviməti təqdirəlayiqdir. Burada söhbət təkcə maliyyələşmədən də getmir. Rusiya və ya Qərbin timsalında demokratiya və imperiyaçılığın mübarizəsi gedir. Rusiya həm Ukrayna, həm də digər bütün cəbhələrdə, o cümlədən Gürcüstanda Qərbə maksimum dirəniş göstərir. Amma hesab edirəm ki, demokratiya tərəfdarları qalib gələcək. Köhnəlmiş rus imperiyaçılığının müqaviməti mütləq qırılacaq".