Ukrayna növbəti aylarda hərbi təşəbbüsü ələ alacaq - PROQNOZ

Ancaq Qərb silahlarından istifadəyə icazə verilməsi Rusiya-NATO arasında faktiki hərbi toqquşma deməkdir

  Ukrayna münaqişəsi başlayandan Kiyev üçün ən çətin dövr gəlib çatıb. Bu barədə NATO Baş katibi Yens Stoltenberq deyib. Baş katib Rusiya ordusunun bir sıra kiçik uğurlara nail olduğunu da etiraf edib. Eyni zamanda Stoltenberq müharibələrin gözlənilməz olduğunu vurğulayıb, lakin Rusiyanın daha böyük irəliləyişini güman etmədiyini söyləyib. Stoltenberq qeyd edib ki, NATO-nun müttəfiqləri Rusiyaya qarşı müharibədə Ukraynanın təcili müdafiə ehtiyaclarını gücləndirmək üçün verdikləri vədləri yerinə yetirmirlər: “Problem ondadır ki, son aylarda biz Ukraynaya vəd etdiyimizi yerinə yetirməmişik. ABŞ altı ay ərzində yeni yardım paketi üzərində razılaşdı. Bir milyon döyüş sursatı vəd edən avropalı müttəfiqlər Ukraynaya bu qədər sursat çatdırmayıblar”. Qeyd edək ki, NATO Ukraynanın Qərb silahları ilə Rusiya ərazisindəki hədəflərə zərbə endirməsinə dair məhdudiyyətləri aradan qaldırıb.
  Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, Rusiyanın Ukraynada işğalı genişləndirməsi, Xarkova intensiv hücumları NATO-nun təcili qərarlar qəbul etməsi ilə nəticələndi. Ekspert vurğulayıb ki, Ukraynaya Qərbin verdiyi silahlarla Rusiya ərazisində hərbi mövqelərə zərbə endirmək icazəsi verilməmişdi: 

"Bu da Rusiyaya əlavə imkanlar verirdi ki, sərhəddə ordusunu cəmləşdirsin, hücumları aktivləşdirsin. NATO bu qadağanı götürmüş olsaydı, Rusiya qoşunlarının Xarkova hücumunun qarşısını vaxtında, sərhəddə almaq olardı. NATO Parlament Assambleyası Ukraynaya Rusiya ərazisində hərbi mövqelərə zərbə endirmək üçün Qərb silahlarindan istifadə ilə bağlı yekdilliklə qərar qəbul etdi. Bu, NATO-nun Ukrayna siyasətində vahid qərarıdır. Kollektiv Qərb Rusiyanın hücumlarının avroatlantik məkanı təhdid etdiyinin fərqindədir. Rusiyanın durdurulması Qərb üçün prioritet qəbul edilib. Müharibənin gedişində Rusiyanın resursları nəinki tükəndi, əksinə, öz hərbi arsenalını inkişaf etdirdi, NATO ilə savaş müstəvisinə qaldırdı".
  Analitik hesab edir ki, bundan sonra Ukrayna NATO silahları ilə Rusiya ərazisində hərbi mövqelərə və ordunun cəmləşmə sahələrinə intensiv raket zərbələri endirəcək: "Bu kimi raket hücumları Rusiyanın hücumunun əhəmiyyətli şəkildə qarşısını almaq iqtidarındadır. Görünür, Rusiya qoşunlarının hücum intensivliyinin qarşısı alınıb ki, prezident Zelenski Avropa turuna çıxıb. Ancaq Qərb silahlarından istifadəyə icazə verilməsi Rusiya-NATO arasında faktiki hərbi toqquşma deməkdir. Ukraynanın növbəti aylarda hərbi təşəbbüsü ələ alacağı mümkündür. Diplomatik danışıqlara gəldikdə, bunun üçün siyasi ortamın formalaşması müharibənin gedişindən asılı olacaq".