ABŞ və Böyük Britaniya hərəkətə keçdi

“Son illərdə süni intellekt ətrafında qızğın rəqabət dünyada güc dinamikasını dəyişdirmək iqtidarındadır”

  “Böyük yeddilər” Çinin artan iqtisadi gücündən narahatdır. “Bloomberg” agentliyinin məlumatına görə, “böyük yeddilər” Çinin iqtisadi gücündən qorunmaq üçün “ortaq cəbhə” formalaşdırmağa qərar veriblər. Bununla bağlı layihə üzərində iş gedir. Həmin sənəddə “böyük yeddilər” qlobal iqtisadiyyatı və təhlükəsizliyi gücləndirmək məqsədilə aralarındakı əməkdaşlığı gücləndirməlidirlər. “Böyük yeddilər” bununla etiraf ediblər ki, ayrı-ayrılıqda Çinlə mübarizə apara bilmirlər. Ona görə də Qərbin inkişaf etmiş yeddi ölkəsi sistemli mübarizəyə ehtiyac duyur.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, “Böyük yeddilər” aralarındakı ixdalın və ixracın kənar təsirlərdən qorunmasını təmin etməlidirlər. Ekspertin sözlərinə görə, kənar təsir dedikdə Çini nəzərdə tuturlar, ancaq bunun alınacağı çətin görünür:

"Çünki Qərb ölkələrinin Çinlə ticarətindəki rəqəmləri fərqlidir, vergilər də eyni deyil. Bütün bunları sistemləşdirmək çətin olacaq. Məsələ burasındadır ki, “böyük yeddilər”ə üzv olan dövlətlər illər boyu “azad və ədalətli ticarətin” tərəfdarı olublar. İndi isə bu prinsipdən geri çəkiləcəklərini elan edirlər. Qərb ölkələri Çinlə azad və ədalətli ticarətə hazır deyillər. Digər tərəfdən Pekin Çindəki istehsala subsidiyalar ayırır ki, bunun özü də azad və ədalətli ticarətə müsbət təsir etmir. Qərb ölkələri ucuz Çin məhsulları ilə rəqabət apara bilmirlər. Çin isə ixracata yönəlik istehsalı ildən-ilə artırır.
Bu arada, “Reuters” agentliyinin xəbərinə görə, ABŞ Ticarət Nümayəndəliyi elektrik avtomobilləri və onların akkumulyatorları, kompüter çipləri və tibbi məhsullar da daxil olmaqla, Çin məhsullarına kəskin tarif artımlarının avqustun 1-dən qüvvəyə minəcəyini açıqlayıb".
  Analitik əlavə edib ki, Ağ Ev sahibi Cozef Bayden adı çəkilən Çin məhsullarına idxal rüsumlarını 100 faizdən çox artırmağa qərar verib: "Baydendən əvvəlki prezident Donald Tramp da Çin məhsullarına tətbiq edilən tarifləri artırmışdı. Artan tariflər həm də Amerika işçilərini ucuz Çin idxalının qorxulu selindən qorumaq üçün nəzərdə tutulub. Böyük Britaniya da oxşar qərarlara hazırlaşır. Londonda beynəlxalq məsələlər üzrə beyin mərkəzi sayılan “Chatham House”də bununla bağlı müzakirələr keçirilib. London hesab edir ki, son illərdə süni intellekt ətrafında qızğın rəqabət dünyada güc dinamikasını dəyişdirmək iqtidarındadır və bu sahədə Çindən geri qalmaq olmaz".