Onun demək olar ki, bütün klanlara yaxınlığı bu ehtimalı gücləndirir
Seçki mübarizəsi çox güman ki, mühafizəkar qanadın öz daxilində gedəcək
İranda növbədənkənar prezident seçkiləri 28 iyunda keçiriləcək. Dünəndən başlayaraq 5 gün müddətinə prezident seçkilərinə namizədlərin qeydiyyatına start verilib. Yoxlama prosesi 7 gün davam edəcək və sonra uyğun namizədlərin seçki kampaniyası üçün təxminən iki həftə vaxtı olacaq. Keşikçilər Şurası uyğun namizədlərin siyahısını iyunun 11-də dərc edəcək. İranın daxili işlər naziri Əhməd Vəhidi deyib ki, prezident seçkiləri parlament seçkiləri kimi tam şəffaf, təhlükəsiz və xalqın iştirakı ilə keçiriləcək. Ölkədə dövlət idarəçiliyində əsas vəzifələrdə ən azı 4 il fəaliyyət göstərən, yaşı 40-75 arasında olan və minimum magistratura üzrə elmi dərəcəsi olan şəxslər prezidentliyə namizəd ola bilərlər. İbrahim Rəisinin ölümündən sonra prezidentliyə mümkün namizədlərlə bağlı fərziyyələr getdikcə artır. “Prezidentlik üçün mümkün variantlar” bir çox medianın mühüm mövzularından və başlıqlarından birinə çevrilib. Bəzi yerli KİV-lər Məsud Pezeşkian, Məhəmməd Bagir Qalibaf, Əli Şamxani, Məhəmməd Müxbir, Məhəmməd Cavad Zərif, Əli Laricani, Mahmud Əhmədinejad, Həsən Ruhani, Əbdül Nasir Hemti, Pərviz Fəttah və Möhsün Rzayi kimi şəxsləri prezidentliyə mümkün namizədlər kimi qeyd ediblər. İran daxilində islahatçı, mühafizəkar və liberal qüvvələr daim rəqabətdədir. Lakin son illərdə ölkənin bütün təsiredici qurumlarını mühafizəkarlar ələ keçirdiyindən, gələcək prezidentin də məhz mühafizəkarlardan seçiləcəyi ehtimalı yüksəkdir.
Politoloq Cəmaləddin Quliyev "Sherg.az”a açıqlamasında bildirib ki, İran prezidentliyinə namizədlər arasında çoxsaylı şəxslərin adı çəkilir. Ekspertin sözlərinə görə, sabiq prezidentlər Mahmud Əhmədinejad, Həsən Ruhani, sabiq parlament sədri Əli Laricani, indiki parlament sədri Mohəmməd Bağer Qalibaf və başqlarının da namizədlik üçün adları hallanır:
"Bu şəxslərdən bəziləri iddialarını rəsmən açıqlayıblar. Amma namizədliyi elan etmək hələ onun təsdiqlənməsi, seçkiyə buraxılması demək deyil. İranda prezidentliyə namizədlərin təsdiqlənməsinin çox mürəkkəb mexanizmi var. Ancaq indiki seçkilərin spesifikliyi vaxt məhdudiyyəti ilə bağlıdır. Uzun-uzadı müzakirələrə zaman yoxdur. İrandakı siyasi qüvvələrin və ya klanların hər hansı birinin namizədinin qeydə alınmaması siyasi iştirakçılıq səviyyəsini aşağı salır. Bu da yekunda İranda seçkili orqanların ictimai legitimliyi ilə bağlı həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə müzakirələrə səbəb olur. Son parlament və Ekspertlər Şurasına seçkilər zamanı belə müzakirələrin şahidi olduq. Bəzi namizədlərin məhz iştirakçılığı artırmaq məqsədi güddüyü gizlədilmir. Məsələn, təbrizli sabiq deputat Mahmud Pezəşkianın bu məqsədlə namizəd ediləcəyi deyilir".
Analitik vurğulayıb ki, seçki mübarizəsi çox güman ki, mühafizəkar qanadın öz daxilində gedəcək:
"Əsas namizədin Səid Cəlili olması haqda ehtimallar güclüdür. Onun demək olar ki, bütün klanlara yaxınlığı bu ehtimalı gücləndirir. Yeni təyinatlar zamanı da ona yaxın şəxslərə üstünlük verilib. Amma Ali Təhlükəsizlik Şurasının sabiq sədri Əli Şəmxaninin də şansını qiymətləndirmək lazımdır. O, vəzifədən məhz İbrahim Rəisi tərəfindən, həm də dini liderin iradəsinə zidd olaraq uzaqlaşdırılmışdı. Artıq "X" platformasında paylaşımlarını belə gələcək prezident kimi edir. Lakin ona üstünlük verilməsi Rəisi klanından intiqam kimi görünərdi. Güman ki, buna gedilməyəcək. Hərçənd seçkinin necə olacağını İranda yalnız bir nəfər bilir".