Kreml: Fransa Ukraynadakı müharibəyə qarışmağa hazırdır

Fransanın Ukraynaya qoşun yeritməsi ehtimalı uzun müddətdir gündəmdədir. Fransa lideri Makron Ukraynaya dəstəyini qətiyyətlə davam etdirsə də, Kreml məsələ ilə bağlı açıqlamalar verib. Kremlin sözçüsü Peskov deyib ki, Makronun son bəyanatları Avropada gərginliyi “alovlandırıb” və Fransanın Ukraynadakı müharibədə birbaşa rol oynamağa hazırlaşdığını göstərib.

Sherg.az xəbər verir ki, Fransa lideri Ukraynanı dəstəkləməkdə qətiyyətlidir. Makron bu yaxınlarda müharibə vəziyyətində olan ölkəyə “Mirage” döyüş təyyarələri göndərəcəyini və ukraynalı pilotların hazırlanmasına kömək edəcəyini vəd etmişdi.


Kremlin sözçüsü Dmitri Peskov Rusiya xəbər agentliklərinə açıqlamasında deyib: “Makron Kiyev rejiminə mütləq dəstək verir və Fransanın hərbi münaqişədə birbaşa iştiraka hazır olduğunu bəyan edir”.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən Peskov, "Biz düşünürük ki, bu bəyanatlar  təxribatdır, qitədə gərginliyi artırır və müsbət heç nəyə gətirib çıxarmır"- deyə bildirib.

Makron digər NATO üzvlərinin istəksizliyinə və Moskvanın qəzəbli qınaqlarına baxmayaraq, Ukraynaya qoşun göndərmək ideyasını müdafiə etməyə davam edir.

Fransanın hazırda Ukraynada qoşun hazırlayan hər hansı rəsmi hərbi personalı yoxdur, lakin Kiyev keçən həftə bu məsələ ilə bağlı Parislə “danışıqlar apardığını” bildirib.

Çərşənbə axşamı verdiyi bəyanatda Rusiya Ukraynaya göndərilən əsgərləri statusundan asılı olmayaraq "qanuni hədəf" kimi qəbul edəcəyi ilə bağlı xəbərdarlıq edib.