Avropa Parlamentinə seçkilərin ilkin nəticələri açıqlanıb.
"İntibah" partiyası cəmi 14.7 faiz səs topladığı halda, milliyyətçi Marin Le Penin " Milli birlik" partiyası 31.5 faiz səs toplayıb.
Dünən Avroparlamentinə baş tutan seçkilər dəyişən dünyada davam etməkdə olan “elektoral seçim” mövzusunu bir daha aktual etdi. Qərbi Avropa dövlətlərindəki siyasi hakimiyyətləri təmsil edən partiyaların, Avropa İttifaqının iki əsas dövlətinin hakim elitasını təmsil edən E. Makron və O. Şoltsun məğlubiyyəti gələcək illərdə baş verəcək hadisələrin xəbərdarlığıdır. Sözsüz, bu məğlubiyyətin səbəblərinin təhlili beyin mərkəzləri qarşısında duran ən mühüm vəzifədir.
Nasizm və faşizm üzərində qələbədən sonra qurulan Avropa İttifaqı əgər onilliklər ərzində ifrat sağçıları həm ölkə daxilindəki seçkilər zamanı, həm də, ümumqitə seçkilərində periferiyada saxlaya bilirdisə, bu dəfə milliyyətçilər seçkilərdə ilk dəfə bu qədər kəskin şəkildə məqsədlərinə çatdılar. Məğlubiyyət xüsusilə Fransa prezidenti Makron və onun “İntibah partiyası” üçün alçaldıcı oldu.
Beləliklə, seçkilər nəticəsində Avroparlament nəzərəçarpacaq dərəcədə sağa doğru əyildi. İtaliyada baş nazir C. Meloni Avropa Parlamentində “İtaliya Qardaşları” üçün yerlərin sayını iki dəfə artırdı. İfrat sağçı “Almaniya üçün Alternativ” öz namizədləri ilə bağlı bir sıra qalmaqallara görə tənqid atəşinə tutulsa da, kansler Olaf Şoltsun “Sosial Demokratlar Partiyası”na qalib gəlmək üçün kifayət qədər mandat qazanmağı bacardı.
Bu, Fransa xalqının Makron bonapartizminə, heç bir əsası olmadan özünü hamıdan yüksəkdə görməsimə və sanki qlobal problemlərdə həlledici statusa malik olmaq görüntüsü yaratmasına, Fransa xarici siyasətinin iflasına gətirib çıxartmış siyasət yürütməsinə, daxili problemləri görməzdən gəlməsinə münasibətidir.
Makronun “İntibah” partiyasının acı məğlubiyyəti haqqında “Sherg.az”a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Avropa Parlamentində nəticələrin belə olması gözlənilən idi:
“Avropanın özündə son vaxtlar millətçi kəsimin ön plana çıxdığı görünürdü. Avropda millətçilərin önə çıxması 2015-ci ildən sonra miqrant axını ilə bağlı məsələdə də var idi. Sonrakı dövrdə bu bir qədər səngisə də, Ukrayna müharibəsi başlayandan sonra yenidən Qərbdə milliyətçilərin güclənməsi müşahidə edildi. Buna səbəb isə xarici faktorlardır. Əvvəllər miqrant məsələsində olduğu kimi indi də Ukrayna mövzusunda eyni yanaşma var. Çünki avropalılar hesab edirlər ki, miqrantların qitəyə yayılması onların həyatlarına təsir göstərir. Uzun müddət Ukrayna müharibəsində də eyni yanaşmanı müşahidə edirik. Yəni ictimai rəydə fikir formalaşıb ki, niyə Ukrayna- Rusiya müharibəsində Avropa insanları savaşın bir parçasına çevirməlidir? Eyni zamanda, bu Fransanın daxili problemləridir. Makron hakimiyyətə gəldikdən sonra heç bir uğurlu daxili siyasət atmadı. Nəticə etibarilə Marin Le Penin rəhbərlik etdiyi “Milli birlik” partiyasının Avropa Parlamentində səs çoxluğu qazanması Fransanın daxili siyasətinə də təsir edir. Qarşıdakı dövr ərzində Fransa Prezidenti Emmanuel Makronun səlahiyyətlərində ciddi dəyişiklik olmayacaq. Amma ölkədə daxili siyasi böhranın olması gözləniləndir. Bir neçə məsələlərdə milliyətçi kəsimin rolu artacaq”.