Aİ-nin sanksiya paketi: Qərb Rusiyanı çökdürə biləcək? -ŞƏRH

Aİ ölkələri Rusiyaya qarşı 14-cü sanksiyalar paketi barədə razılığa gəlib.
Bu barədə Aİ Şurasına sədrlik edən Belçikanın Aİ-dəki Nümayəndəliyi məlumat yayıb.

"Bu paket yeni məqsədyönlü tədbirlər təqdim edir və boşluqları aradan qaldırmaqla mövcud sanksiyaların təsirini maksimum dərəcədə artırır", - məlumatda deyilir.

Almaniya  isə müvafiq layihəyə təklif etdiyi dəyişikliyin qəbul edilməsinə baxmayaraq, Avropa İttifaqının Rusiyaya qarşı 14-cü sanksiya paketini bloklayıb. 
 

Mövzu ilə bağlı “Sherg.az”a danışan AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli söyləyib ki, Rusiya kimi dövlətləri sanksiyalar ilə zəiflətmək mümkün deyil:

“Çünki tarix boyu böyük dövlətləri sıradan çıxarmaq mümkünsüz olub. Xüsusilə də Rusiya dünyanın 1/6 hissəsini təşkil edir. Rusiya meşələr, qızıl, neft, qaz, digər kimyəvi elementlər və təbii sərvətlər ilə zəngindir. Qərb qapıları bağlansa da, Şərq qapılarını rəsmi Moskva üçün taybatay açdı. Rusiya isə bundan yararlandı. Eyni zamanda, tarixə nəzər yetirsək rusların çətinliyə, aclığa dözümlü xalq olduğunu görərik. Rusiya indiki vəziyyətindən həm iqtisadi, həm də siyasi cəhətdən dərs götürdü. Eyni zamanda, Rusiyaya qarşı sanksiyalar tam şəkildə həyata keçirilmədi. Rusiya qazı belə üçüncü dövlətlər vasitəsilə Qərbə nəql olunur. Hətta Ukrayna ərazisindən belə qaz nəqli hazırda davam edir. İstənilən halda Qərb ölkələri tərəfindən əvvəlki qədər Rusiyaya qarşı sanksiyalar qəbul olunmur. Qərb ölkələri tərəfindən Rusiyaya qarşı istifadə etmək üçün silahlar da verilmir. Buna da Rusiyanın cəbhədə qismən irəlidə olması sübutdur”.