Bu gün Aİ Xarici İşlər Şurasının iclasında Gürcüstandakı vəziyyət müzakirə olunacaq.
Bunu iclasdan əvvəl jurnalistlərə açıqlamasında Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.
“Bir məsələ aydındır ki, Gürcüstanın üzvlüyü üçün Aİ-nin qapısı açıqdır, ancaq Gürcüstan hökuməti eyni yolla getməyə davam edir, addımlarını davam etdirir. Belə halda qapı bağlanacaq. Bunun bədəlini Gürcüstan xalqı ödəyəcək. Hətta Avropa perspektivi ləğv oluna bilər. Biz burada ciddi məsələlərdən danışırıq. Əgər bu belə davam edərsə, Aİ-nin qapısı Gürcüstan üçün açıq olmayacaq”, - Aİ-nin baş diplomatı vurğulayıb.
Cozep Borrell əlavə edib ki, bugünkü iclasda XİN rəhbərləri Gürcüstanla bağlı qısa və orta müddətdə atılacaq addımları müzakirə edəcəklər.
Aİ-nin Ali Nümayəndəsi deyib ki, o, XİN rəhbərlərinə Gürcüstanla bağlı hansı addımların atıla biləcəyi ilə bağlı təkliflər təqdim edəcək.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Turab Rzayev bildirib ki, artıq Avropa İttifaqı nə qədər ciddi olduğunu göstərdi:
“Aİ Gürcüstana açıq çağırış edərək Gürcüstan hökümətinin Rusiyapərəst və Çinpərəst siyasət davam etdirəcəyi halda onun AB-yə yolunu bağlayacağını bəyan etdi. Gürcüstanın Avropa İttifaqına üvzlüyünə namizədliyin verilməsində məqsəd onun NATO və Aİ-ə tərkib hissəsi olmaq istəyiydi. İndiki halda Gürcüstan Qərbin etirazlarına baxmayaraq xarici agentlər haqqında qanun layihəsi həyata keçirirsə, baş nazir açıq şəkildə əsas istiqamətlərinin Rusiya və Çin olduğunu bildirirsə, deməli rəsmi Tbilisi öz seçimini edib. Sadəcə olaraq Aİ son olaraq Gürcüstana xəbardarlıq etmək niyyətindədir. Eyni zamanda, Gürcüstan əhalisinə mesaj verməklə onları etiraz aksiyasına qoşmaqla höküməti geri addım atmağa məcbur etmək məqsədi güdürlər”.