Ukrayna ilə təhlükəsizlik zəmanətləri haqqında saziş imzalamağı planlaşdırırıq.
Bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
O qeyd edib ki, saziş bu ayın sonuna kimi, ya da növbəti AB sammiti çərçivəsində imzalana bilər.
Borrellin fikirlərinə münasibət bildirən hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, Avropa İttifaqının Ukrayna ilə təhlükəsizlik mövzusunda sazişlər bağlaması tamamilə ittifaqın məqsədlərinə yönəlib:
“Çünki Ukrayna ilə Rusiya arasında müharibə gedir. Rusiya isə məqsədlərinə çatmaq üçün hər cür radikallığı, vəhşiliyi, dağıntını edə biləcək ölkədir. Əməliyyatlar sırasında Ukraynada yaşananları görürük. Aİ Ukraynanın başı üzərində qara buludlar əsdiyi zaman müqavilə bağlamaq məqsədlərindən uzaq olub. Ona görə də indi Aİ-nin təhlükəsizlik müqaviləsi imzalamaq istəməsi Rusiyanı Ukraynada saxlamaq məqsədləri güdür. Aİ özlərinin üzvü olmayan ölkə ilə müqavilə bağlıyaraq onun sərhədlərində Rusiya təhlükəsini neytrallaşdırmağa çalışır. Ukrayna da Qərbin və Aİ-nın ondan istifadə etməsi məqsədlərindən bixəbər deyil. Sadəcə olaraq çətin vəziyyətdə olduğuna görə Avropadan gələn bütün dəstəklərə ehtiyacı var. Amma sözügedən ittifaqın nə qədər effektiv olacağı sual altındadır. Çünki müharibə ilk başlayanda Amerika və bir sıra Qərb dövlətləri tərəfindən çağırışlar var idi ki, yerinə yetirilsə, Ukrayna cəbhədə daha ciddi uğurlar qazana bilərdi. Amma həmin sözlərin heç biri tutulmadı. Bu isə cəhbədə Ukraynanı Rusiya qarşısında məğlub vəziyyətə saldı. Yeni müqavilə də eyni ssenari əsasında tərtib olunacaq. Yəni Ukraynaya yardım vədləri veriləcək və de-fakto olaraq ortada heç nə görməyəcəyik. Ukrayna savaşı ənənəvi qaydada davam edəcək”.