Sabir Rüstəmxanlı: “Xalqın iradəsi ortadadır, amma İran qapalı ölkədir, ona görə dəqiq nəsə söyləmək mümkün deyil”
İranda prezidentliyə namizədlər - azərbaycanlı Məsud Pezeşkian və rəqibi Səid Cəlili arasında iklinci tur öncəsi seçki mübarizəsi davam etməkdədir. İkinci tura hazırlıq görən namizədlər daha çox səs toplamaq üçün müəyyən vədlər verir, debatlara çıxır, hətta bir-birini təhqir edirlər. Məsələn, Səid Cəlilinin seçki qərargahının nümayəndəsi Pezeşkiana səs verənləri eşşək adlandırıb. Cəlilinin nümayəndəsi deyib ki, Mərənddə 95 min səsin 76 mini Məsud Pezeşkiana verilib və onlar eşşəkdirlər. Videonun yayılmasından sonra Mərənddə Cəlili və onun seçki qərargahının nümayəndələrinə qarşı etiraz aksiyası başlayıb. Polis qüvvələri aksiyanın genişlənməsinin qarşısını alıb, bəzi etirazçıları bir neçə saatlığına həbs edib. Saxlanılanlar dindirildikdən və aksiya keçirməməklə bağlı yazılı iltizam alındıqdan sonra sərbəst buraxılıblar. Qeyd edək ki, İranda iyunun 28-də keçirilən prezident seçkisinin birinci turunda azərbaycanlı Məsud Pezeşkian ən çox səs toplayıb. Onun ən yaxın rəqibi Səid Cəlili isə ikinci olub. Onlar 5 iyulda ikinci turda mübarizə aparacaqlar.
Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı "Sherg.az"a açıqlamasında azərbaycanlı namizəd Məsud Pezeşkianı dəstəklədiklərini deyib. Deputat bildirib ki, Azərbaycan ictimaiyyəti də İrandakı soydaşlarını dəstəkləməlidir:
"Ən azından Pezeşkianın çıxışındakı islahatyönlü açıqlamalara, İrandakı ab-havanı dəyişmək yönündəki bəyanlarına görə ona dəstək ifadə olunmalıdır. Biz İranda yeni inqilab, çevriliş istəmirik. Amma İrandakı indiki rejimin də qalmasını istəmirik. Bu, dünyada gedən proseslərə, həmçinin xalqımızın ruhuna, İrandakı bütün xalqların ruhuna ziddir, həqarətdir. İranda türklərin, elə farsların da yaratdığı böyük mədəniyyətə və ənənələrə zidd rejim qurulub. Bu rejim dəyişdirilməlidir. Ancaq islahatlarla, tədricən olsa daha yaxşıdır. Azərbaycanlı namizədin çıxışları da bunu vəd edir. İranın buna razılıq verib-verməyəcəyini zaman göstərəcək. Lakin başqa yolları yoxdur. Rejim mane olmazsa, Pezeşkian seçkidə qalib gələ bilər. Çünki o, İranda xalqın əksəriyyətinin düşüncəsini ifadə edir. Əgər rejim antidemokratik üsulları işə salsa, o zaman təbii ki, seçilməyəcək".
Parlament üzvü vurğulayıb ki, digər namizədlərin Səid Cəlilinin xeyrinə geri çəkilməsi və onu dəstəkləməsi ikinci turda Cəlilinin səsini artıra bilər:
"Yəqin ki, rəsmi dairələr də Cəlilinin səsini artırmağa çalışacaq. Xalqın iradəsi ortadadır. Amma İran qapalı ölkədir, ona görə dəqiq nəsə söyləmək mümkün deyil".