“Trampın reytinqini aşağı salacaq faktları tapıb, ictimaiyyətə sızdırmaq lazımdır"
"Co Baydenin seçki yarışından geri çəkilməsi ümumi səhhəti ilə bağlıdır. Başqa heç nə axtarmağa ehtiyac yoxdur". Bunu Baydenin qardaşı, 71 yaşlı Frenk Bayden qardaşının seçkidə iştirak etməmək qərarına münasibət bildirərkən deyib. O bildirib ki, qardaşı qürurlu kişidir və yeriyərkən ayağındakı problem onu əsəbiləşdirir. Xatırladaq ki, Co Bayden noyabrda keçiriləcək prezident seçkisindən geri çəkilib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib. ABŞ-nin vitse-prezidenti Kamala Harrisin komandası 24 saat ərzində 81 milyon dollar toplayıb. Bu, mümkün namizədin həmin müddət ərzində topladığı ən yüksək məbləğdir. Qeyd edək ki, nüfuzlu partiya üzvlərinin dəstəyindən sonra Demokratlar Partiyasının əsas donorları da Kamala Harrisə dəstək olurlar. Onların arasında “Evercore” investisiya bankının təsisçisi Rocer Altman da var. Milyarder xeyriyyəçi Corc Sorosun oğlu, Açıq Cəmiyyət Fondunun rəhbəri Aleks Soros isə respublikaçı namizəd Donald Trampı məğlub etmək üçün vətəndaşları Kamala Harrisin ətrafında birləşməyə çağırıb. İndiyədək demokratların seçki kampaniyasının 240 milyon dollar topladığı bildirilir.
Sorosdan Harrisə dəstək: Trampı məğlub etməliyik!
Corc Soros və onun oğlu, Açıq Cəmiyyət Fondunun sədri Aleksin nümayəndələri ABŞ-nin vitse-prezidenti Kamala Harrisin ABŞ prezidentliyinə namizədliyini dəstəkləyib. Sorosun oğlu Aleks Soros hamını Kamala Harrisin ətrafında birləşməyə çağırıb: “Noyabr seçkilərində hazırkı Prezident Co Baydenin yenidən seçilməkdən imtina etməsindən sonra Kamala Harrisin ətrafında birləşmək və Donald Trampı məğlub etmək vaxtıdır. O, mümkün olan ən yaxşı və ən bacarıqlı namizəddir”. Qeyd edək ki, Soroslar Baydenə dəstək üçün böyük maliyyə töhfələri ilə tanınırlar.
Tramp Harrisdən danışdı, məhkəmə ilə hədələndi
Kamala Harrisin komandası Trampı məhkəmə ilə hədələyib. Bildirilir ki, buna səbəb Trampın Kamala Harrisi “kinli və pis” adlandırması olub. Harris kampaniyasının sözçüsü Ammar Musa bildirib ki, vitse-prezident Kamala Harris karyerasını cinayətkarları ədalətə çağırmağa həsr edib: “Donald Tramp da istisna olmayacaq. Vitse-prezident Harris karyerasını adi insanların həyatını yaxşılaşdırmağa həsr edib, Tramp isə yalnız özünü düşünür”. Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedyev Bayden dönəminin bitdiyini deyib: "Ona cansağlığı arzu edirik. Xüsusi hərbi əməliyyat öz hədəfinə çatacaq".
"Qoca Bayden və demokratlar Trampla mübarizə apara bilməz"
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Baydenin bir müddət öncə COVID-19-a yoluxduğuna dair xəbər yayıldı. Hazırda xəstəlikdən sağalmaq üçün Bayden Delaver ştatındakı evində özünü izolyasiya edib. O, bütün müzakirələrini telefon vasitəsilə həyata keçirib:
"Əslində, bütün bunlar gözdən pərdə asmaq üçün hazırlanan bəsit bir şoudur. Yəni sanki Bayden xəstəlik səbəbindən geri çəkilir. Reallıq isə fərqlidir. ABŞ prezidenliyinə namizəd, eks-prezident Donald Trampa qarşı təşkil olunan sui-qəsd seçki prosesinə ciddi təsir edib. Hadisə Trampı qorxutmadığı kimi, reytinqini də yüksəldib. Belə olan halda qoca Bayden və demokratlar onunla mübarizə apara bilməyəcəyini yaxşı anlayır. Əslində, Baydenin bundan sonra edə biləcəyi bir şey də yox idi, amma demokratlar yaxşı taktikaya əl atdılar. Baydenin seçkidən geri çəkilməsi və vitse-prezident Kamala Harrisin namizədliyini irəli sürməsi kifayət qədər uğurlu taktikadır. Bu gedişin əsas səbəbi sırf Trampın reytinqinin kəskin artması ilə bağlıdır. Baydenin seçkidən çəkilmə qərarı Trampa təşkil edilən sui-qəsdi kölgədə qoydu. Üstəlik, Kamala Harrisin namizəd olması seçki yarışında balansı yenidən eyniləşdirdi".
"Kamala Harris Trampı üstələmək üçün çox çalışmalıdır"
Siyasi şərhçinin sözlərinə görə, Harris seçiləcəyi təqdirdə ölkənin ilk qadın prezidenti olacaq: "2016-cı ildə ABŞ-də keçirilən prezident seçkilərində Trampın rəqibi yenə bir qadın namizəd olan Hillari Klinton idi. Lakin hazırda vəziyyət tam fərqlidir. Yəni Kamala Harrisin şansı Hillari Klintondan daha çoxdur. ABŞ-nin keçmiş Prezidenti Bill Klinton və onun həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton vitse-prezident Kamala Harrisi Demokratlar Partiyasından prezidentliyə namizəd kimi dəstəkləyiblər. Lakin qarşıda aylar var. Kamala Harris Trampı üstələmək üçün çox çalışmalıdır. Xüsusilə Baydenə görə demokratlara küsən cənub ştatlarının dəstəyini almaq mütləqdir. Bundan başqa, Trampın reytinqini aşağı salacaq faktları tapıb, ictimaiyyətə sızdırmaq lazımdır".