Proses Qəzzadakı münaqişənin artıq regional müharibəyə çevrilmək imkanlarını artırır
“İsrailin qorunma gücünə onun müttəfiqləri də əlavə dəstək verirlər ki, bu da Tehranın işini çətinləşdirir”
HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi Qəzzada barışıq əldə etmək səylərinə töhfə vermədi. Bunu ABŞ Prezidenti Co Bayden deyib. Onun sözlərinə görə, Haniyənin qətli sülh prosesinə kömək etmədi. Buna baxmayaraq, Bayden söyləyib ki, Vaşinqton İsraili İran, HƏMAS, “Hizbullah” və husilərdən gələcək təhlükədən müdafiə etməyə hazırdır. O, İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon söhbətində İsrailin ballistik raket və dronlara qarşı müdafiəsinin gücləndirilməsini də nəzərdən keçirib. Bayden eyni zamanda Yaxın Şərqdə gərginliyin azaldılmasının vacibliyini Netanyahunun diqqətinə çatdırıb.
HƏMAS liderinin qaldığı evdə bomba partlayıb
“Nyu-York Tayms” nəşri məlumat yayıb
ki, bomba həmin evə iki ay əvvəldən yerləşdirilib və Haniyə ora gələn kimi işə salınıb. Türkiyəli terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar da sui-qəsdin bomba ilə törədilə biləcəyini ehtimal edib: “Ehtimallardan biri də bombadır. Bu, binanın dağılmasından da görünür. Binanın görüntülərə baxdığımız zaman ora bomba yerləşdirildiyini görə bilərik. Hətta partlayış görüntüsü də var. Orada da partlayışın içəridən çölə doğru baş verdiyini görmək mümkündür”. HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi səbəbindən Türkiyədə bir günlük milli matəm elan edilib.
İsrail qırmızı xətti keçib, cavabını verəcəyik
HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə Tehranın İsrailə cavab verməsi müstəsna hüququdur. İran xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında deyib ki, İsmayıl Haniyəni öldürməklə dünyanın və regionun təhlükəsizliyi və sabitliyini təhlükə altına alaraq qırmızı xətti keçib. Buna görə də İran, şübhəsiz ki, öz ərazi bütövlüyü və milli təhlükəsizliyini müdafiə etmək kimi müstəsna və qanuni hüququndan istifadə edəcək.
İsrail sərt cavab alacaq - Musəvi
İran ordusunun baş komandanı, general Əbdülrəhim Musəvi İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İsrailin sərt cavab alacağını deyib. Musəvi bildirib ki, sionist rejimin üzünə şillə vurulacaq ki, bu da törətdiyi cinayətə görə qisas olacaq". İsrailin Milli Təhlükəsizlik Şurasının məlumatına görə, İran, Hizbullah və HƏMAS cavab tədbiri olaraq İsrailin xaricdəki obyektlərinə hücumlar həyata keçirə bilər: "Bununla əlaqədar olaraq, İsrail Milli Təhlükəsizlik Şurası vətəndaşlara bütün xaricə səfərlərini yenidən nəzərdən keçirməyi tövsiyə edir. Milli Təhlükəsizlik Şurası İsrailin müxtəlif ölkələrdəki səfirliklərinə, eləcə də sinaqoqlara hücum oluna biləcəyini istisna etmir".
"İranlıların İsrailə hücum hazırlığı günlər çəkə bilər"
“Axios” nəşri də yazıb ki, İran həftənin əvvəlində HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə hücum etməyi planlaşdırır: “Bu əməliyyata Hizbullah da qoşula bilər. Hizbullah lideri Həsən Nəsrullah Haniyənin məhv edilməsi əməliyyatına cavab verəcəyini vəd edib”. Nəşr qeyd edib ki, Bayden administrasiyası yaranmış vəziyyətdən narahatdır: “Ağ Ev İsraili İranın əvvəlki hücumundan qoruyan ölkələrin eyni beynəlxalq və regional koalisiyasını səfərbər etməyin çətin olacağını düşünür. Haniyənin öldürülməsi İsrail və HƏMAS arasındakı müharibə kontekstində baş verib və bu, bölgədə İsrail əleyhinə güclü əhvali-ruhiyyəni artırıb. İyulun 31-də ABŞ kəşfiyyatı İranın Haniyənin öldürülməsinə görə cavab verəcəyinə dair aydın siqnallar alıb. İranlıların İsrailə hücum hazırlığı günlər çəkə bilər”.
İsraildən sərt reaksiya: Yasınızı Türkiyədə tutun!
İsmayıl Haniyənin öldürülməsi ilə bağlı Türkiyənin Təl-Əvivdəki səfirliyində türk bayrağının yarıya endirilməsi İsrail rəsmilərini hiddətləndirib. İsrail xarici işlər naziri İsrail Katz bildirib ki, Xarici İşlər Nazirliyinin rəsmilərinə İsmayıl Haniyənin öldürülməsi ilə bağlı Türkiyənin Təl-Əvivdəki səfirliyində türk bayrağının yarıya endirilməsindən sonra Ankaranın İsraildəki səfirliyinin vəkilini sərt qınaq üçün çağırmağı tapşırıb: “HƏMAS-a başçılıq edən və yoldaşları ilə birlikdə televiziyada dəhşətli görüntülərə baxaraq, qatillərə uğurlar diləyən İsmayıl Haniyə kimi qatil üçün yas mərasiminə İsrail dövləti dözməyəcək. Türkiyənin Təl-Əvivdəki səfirliyinin məmurları yas tutmaq istəyirlərsə, Türkiyəyə gedib terror təşkilatı HƏMAS və onlara dəstək verən Ərdoğanla birlikdə yas tutsunlar".
"İranla İsrailin birbaşa müharibəyə girməsi riskli olduğundan tərəflər..."
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi xarici kəşfiyyatın İranın təhlükəsizlik sektoruna nə qədər nüfuz etdiyini və İran daxilində yüksək səviyyədə qoruna biləcək hədəfləri vura bilmə dərəcəsini əks etdirir. Ekspertin sözlərinə görə, səbəblərdən asılı olmayaraq, HƏMAS liderinin öldürülməsi, İsrail üçün taktiki uğurdur:
"Ancaq bunun strateji nəticələrini İranın İsrailə qarşı mümkün hücumlarından sonra hesablamaq mümkündür. İran qisas üçün qərara ala bilər ki, proksi qüvvələrinin iştirakı ilə İsrailə qarşı genişmiqyaslı pilotsuz təyyarə və raket hücumları təşkil etsin. Bu, İranın 2024-cü ilin aprelində İsrailə qarşı həyata keçirdiyi hücumlara bənzəyə bilər. Ancaq İsrailin qorunma gücünə onun müttəfiqləri də əlavə dəstək verirlər ki, bu da Tehranın işini çətinləşdirir. Proses Qəzzadakı münaqişənin artıq regional müharibəyə çevrilmək imkanlarını artırır. Lakin İranla İsrailin birbaşa müharibəyə girməsi riskli olduğundan tərəflər bundan yayınırlar. Yaxın Şərq üzrə proqnozlaşdırmaq olar ki, İran “Hizbullah” və HƏMAS-a növbəti həmlələr üçün istiqamət verəcək. Bu, mövcud gərginlik üzrə İranın xeyrinə dönüş yaratmaq və daha geniş regional eskalasiyaya nail olmağa hesablanacaq. İran İsraili regional toqquşmalarla taqətdən salmağa çalışır. Amma bunun əks effektləri Tehranın ambisiyalarına zərbələr vurur. Bütün bunların fonunda İran Prezidenti Məsud Pezeşkianı ağır sınaq gözləyir. Bir tərəfdən Qərblə münasibətləri istiləşdirmək istəyən Pezeşkian indi SEPAH-ın üstünlük verdiyi cavab tədbirlərinə uyğunlaşmalı və ona qarşı getməkdən çəkinməlidir. Bu tarazlıq pozulsa, Pezeşkian daxildə güclü müqavimətlə üzləşəcək".