Rusiya hər ay müharibəyə 10 milyard, Kiyev isə cəmi 1,5-2 milyard dollar ayırır
Ukrayna səmasında F-16 təyyarəsinin uçuşu müşahidə edilib. Qırıcılar Moldova istiqamətində uçublar. Rusiyanın Ukraynadakı separatçılarının rəhbəri Sergey Lebedev F-16-ları gördüyünü deyib. Ukrayna prezidenti Vladimir Zelenski də Qərbdən göndərilən F-16 təyyarələrinin ölkəyə gətirildiyini təsdiqləyib. Lakin Zelenski onların sayını açıqlamayıb. “Ekonomist” nəşri məlumat yayıb ki, Ukrayna artıq Qərb ölkələrindən 10 ədəd F-16 qırıcısı alıb və ilin sonuna kimi onların sayı 20-yə çatacaq: “Ümumilikdə Ukrayna 79 ədəd F-16 qırıcısı gözləyir. Qərb 2025-ci il ərzində təyyarələri mərhələli şəkildə tədarük etməyə davam edəcək”. Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan deyib ki, bütün tapşırıqları yerinə yetirmək üçün Ukraynaya ən azı 40 ədəd F-16 lazımdır. Onun sözlərinə görə, F-16-ların effektivliyi onların sayından və istifadə edəcəyi silahlardan asılı olacaq: “Təyyarənin imkanlarını genişləndirmək üçün bizə verilən silahların çeşidini artırmaq lazımdır. Onda hətta bir F-16 kifayət qədər ciddi iş görə biləcək”. Bir sıra ekspertlərə görə, Ukrayna ordusunun qırıcılara sahib olması Rusiya ilə savaşda önəmli üstünlüyə yol aça bilər.
Politoloq Azər Rəşidoğlu isə "Sherg.az"a açıqlamasında bildirib ki, Ukrayna bütün hallarda müharibədə dönüş yarada bilməyəcək. Onun sözlərinə görə, F-16 qırıcıları ilə savaşda müəyyən uğurlar əldə etmək mümkündür, lakin müharibədə əsaslı dönüş yaratması çox çətindir:
"Rusiya hər ay müharibəyə 10 milyard, Kiyev isə cəmi 1,5-2 milyard dollar ayırır. Rusiya əhalisi Ukrayna əhalisinə nisbətən 4-5 dəfə çoxdur. Rusiyanın imkanları Ukrayna ilə müqayisədə bir neçə dəfə artıqdır. ABŞ bu məsələdə çox yubanıb. Ona görə də hazırda təkcə F-16-larla iş bitmir. Vaşinqton hərbi yardımı artırmasa, Kiyevin vəziyyəti ağırlaşacaq. ABŞ-nin anbarlarında istifadə olunmayan 6 min tankı və 1200 təyyarəsi var. Onların heç olmasa 10 faizini verərsə, Ukrayna müqavimət göstərə bilər. Ukraynanın indiki vəziyyəti isə yardımlara baxmayaraq, heç də ürəkaçan deyil. Belə vəziyyətdə onun müharibədə dönüş yaradacağı da inandırıcı görünmür. Düşünürəm ki, Qərb vəziyyətin ciddiliyini anlamalıdır. Rusiyanın Ukraynanı məğlub etməsi MDB məkanı və Şərqi Avropa üçün ağır faciələrə səbəb ola bilər".