Iran birbaşa hərbi qarşıdurmaya təhrik olunur

Baş verənlər Qərblə yumşalma siyasəti yürütmək istəyən Pezeşkian hökumətinin işini çətinləşdirir
 
 
 HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin İranda sui-qəsd nəticəsində öldürülməsi Yaxın Şərqdə bütövlükdə yeni müharibə riskini artırıb. İordaniya və Livan daxili işlər nazirləri gərginliyin azaldılması məqsədilə İrana səfər edib. ABŞ mediası İranın bu səfərlərə rəğmən qərarında qəti olduğunu, təmkinli davranmaq çağırışlarını rədd etdiyini yazıb. ABŞ Dövlət katibi Antoni Blinkenin də G7 həmkarları ilə görüşdüyü, İranın gözlənilən hücumunun bu gündən etibarən başlaya biləcəyini söylədiyi deyilir. Digər tərəfdən, ABŞ hökumətinin hava hücumlarında istifadə etmək üçün İsrailə yarım ton ağırlığında MK-83 bombalarının göndərilməsinə icazə verdiyi iddia edilib. Məlumata görə, İsrail rəsmiləri üçün yeraltı sığınacaq hazırlanıb. Eləcə də ölkə rəsmilərinin rabitə sistemlərinə hücum ediləcəyi ehtimalı nəzərə alınaraq, onlara peyk telefonları paylanılıb. Həmçinin iyulun sonunda ABŞ-yə səfər edən İsrail Baş naziri Benyamin Netanyahunun Hizbullah ilə gərginliyin artacağı təqdirdə Baydendən daha ağır bombalar göndərməsini istədiyi bildirilir. Vaşinqtonun bir ton ağırlığındakı MK-84 bombalarının transferini qəbul edib-etmədiyi isə hələ bilinmir. Xatırladaq ki, İran 30 iyulda Pezeşkianın andiçmə mərasiminə qatıldıqdan sonra dincəldiyi iqamətgahın vurulması nəticəsində ölən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qisasını alacağını vəd edib. Buna görə də İsrail müdafiəyə hazırlaşır.
 
ABŞ F-22-ləri Yaxın Şərqə göndərir
 
 ABŞ İranın İsrailə zərbə endirmək təhlükəsi ilə əlaqədar radar baxımından gözə dəyməyən F-22 Raptor qırıcılarından ibarət eskadranı Yaxın Şərqə yerləşdirməyə qərar verib. Pentaqon bölgəyə ballistik raket hücumlarının qarşısını almağa qadir olan daha çox kreyser və esmines göndərib. Həmçinin yer-hava raket imkanlarını gücləndirə bilər. Bunlar İranın İsrailə hücumunu dəf etmək və ya qarşısını almaq, eləcə də HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra bölgədəki ABŞ qüvvələrini gücləndirmək məqsədi daşıyır.
 
Pezeşkiandan İsrail açıqlaması: Gözləyirik!
 
 İran Prezidenti Məsud Pezeşkian Tehranda İordaniyanın xarici işlər naziri Əymən Səfədi ilə görüşdə deyib ki, Haniyənin qətli İsrailin böyük səhvidir. Prezident bildirib ki, İsrail rejimin HƏMAS-ın siyasi rəhbəri Haniyəni Tehranda terror etməklə bütün beynəlxalq qaydaları pozub: “İran azad dünyanın bütün müsəlman ölkələrindən və xalqlarından bu cinayətləri kəskin şəkildə pisləmələrini gözləyir”.
 
İran hücumu: Netanyahu üçün bunker hazırlandı
 
 İsrail Baş Təhlükəsizlik Xidməti Qüds ərazisində İsrail rəhbərliyinin uzun müddət qala və ölkəni oradan idarə edə biləcəyi yeraltı bunkeri istismara hazırlayıb. “Valla” portalı məlumat yayıb ki, bunker Hizbullah hərəkatı və İran tərəfindən gözlənilən hücum fonunda hazırlanıb.
 
İran 24 saat ərzində İsrailə hücum edə bilər - Blinken
 
 ABŞ Dövlət katibi Antoni Blinken Yeddilik Qrupunun xarici işlər nazirlərinə İran və Hizbullah hərəkatının yaxın 24 saat ərzində İsrailə hücum edə biləcəyini deyib. “Axios” portalının məlumatına görə, Blinken İran və Hizbullaha diplomatik təzyiq göstərmək üçün və HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olacaq zərbənin gücünü minimuma endirmək məqsədilə G7 həmkarları ilə telefon danışığı aparıb. Danışıqlarda ABŞ dövlət katibi mümkün hücumun nəticələrinin yumşaldılmasının regionda genişmiqyaslı müharibənin qarşısını almaq üçün ən yaxşı yol olacağını vurğulayıb.
 
İsrailə iki tərəfdən hücum olacaq: bir günə bitməyəcək
 
 İsrail İran və Hizbullahın mümkün hücumunun bir gündən çox davam edə biləcəyinə hazırlaşır. İsrail rəsmiləri qeyd ediblər ki, HƏMAS-ın siyasi lideri və Hizbullah komandirinin öldürülməsinə cavab olaraq, bir neçə gün ərzində ölkəyə raket və pilotsuz təyyarələr buraxıla bilər: "Hizbullah İsrailə şimaldan hücum edə bilər, İran isə şərqdən uzaqmənzilli raketlər atacaq. Onlar bizi yormağa çalışacaqlar".
 
İsrail hazırlaşır: nazirlərə xüsusi rabitə verildi
 
 İsraildə Nazirlər Kabineti üzvlərinə müharibə və mobil rabitə çatışmazlığı halında peyk telefonları verilib. “İranın ölkəyə mümkün hücumlarına cavab olaraq hökumət nazirlərinə – təkcə kabinet üzvlərinə deyil – peyk telefonları verilib”, – nəşr bildirib. Qeyd edilib ki, İsrail hökuməti fasiləsiz telefon xidmətini təmin etmək üçün mümkün olan hər şeyi edir.
 
"İran birbaşa hərbi qarşıdurmaya təhrik olunur"
 
 Politoloq Cəmaləddin Quliyev "Sherg.az"a deyib ki, HƏMAS və İranın proksi qüvvələrinə qarşı bütün əməliyyatlar sinxrondur. Onun sözlərinə görə, HƏMAS-ın İsrailə hücumundan sonra  İranın Yaxın Şərqdəki bütün proksilərini neytrallaşdırmaq məqsədilə həyata keçirilən vahid plan ardıcıl icra edilir: 
"İran birbaşa hərbi qarşıdurmaya təhrik olunur.  Amma bu əməliyyatlar Yaxın Şərqdə gərginliyi azaltmaq, Qərblə yumşalma siyasəti yürütmək istəyən Pezeşkian hökumətinin də işini çətinləşdirir. İndi o, parlamentdə sərt xətt tərəfdarlarının onsuz da güclü təzyiqlərinin daha da artması faktı qarşısında qalacaq. İran Prezidenti Məsud Pezeşkiana yaxın şəxslər Qərb mediasına açıqlamalarında İsmayil Həniyənin SEPAH tərəfindən qətlə yetirildiyi ehtimalı olduğunu deyiblər. Onlar hesab edirlər ki, məqsəd Pezeşkianın nüfuzunu zədələmək və Qərblə yumşalma siyasətinə bəri başdan maneə törətmək olub:  “SEPAH cənab Pezeşkianın xarici siyasətə münasibəti və onun islahatçı siyasətinin bəzi aspektləri ilə razı deyil. Heç bir ağlı başında olan insan bu qətlin öz prezidentliyinin ilk gününə təsadüf etməsini qəbul edə bilməz. O, prezidentliyinin ilk günlərində İsraillə müharibəyə getməyə məcbur ola bilər. Bütün bunlarda SEPAH günahkardır”. "The Telegraph" isə yazıb ki, İsrail kəşfiyyatı SEPAH-ın vəzifəli şəxslərin mühafizəsinə məsul olan "Ənsar-ul Mehdi" dəstəsinin bir neçə üzvünü ələ alaraq İsmayıl Həniyənin qala biləcəyi 3 otağa partladıcılar yerləşdirib. Ard-arda həyata keçirilən həbslər bu versiyanın ciddi ola biləcəyini göstərir. Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian isə öz internet saytında İsraillə savaş çağırışlarını tənqid edərək “millətin prioritetinin İsraillə müharibə olmadığını” yazıb. Onun fikrincə, ciddi islahatların aparılması İsrailə ən böyük zərbədir: "Ölkənin əsas problemi iqtisadiyyat, dolanışıq, daxili çəkişmələr, korrupsiya, ayrı-seçkilik və səmərəsizlikdir".