KTMT-nin Mətbuat Xidmətinin yaydığı məlumata görə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin sentyabrda Qırğızıstan ərazisində keçiriləcək “Qarşılıqlı fəaliyyət-2024” hərbi təlimlərində iştirakdan imtina edib. Bildirilib ki, hərbi manevrlərə Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarusdan olan hərbçilər qatılacaq. Təlimlərdə yeni taktiki üsul və vasitələrdən, eləcə də müasir döyüş təcrübəsində istifadə olunacaq.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistan tərəfinin 14-16 avqust tarixlərində sözü gedən təşkilatın Rusiyada təşkil olunacaq “Kobalt-2024” hərbi təlimlərinə də qatılmayacağı açıqlanıb.
“Report" İA-nın əməkdaşı, siyasi şərhçi Kənan Novruzov “Sherg.az”a söyləyib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərindən ard-arda imtina etməsi gözləniləndir:
“Əksinə Ermənistanın KTMT təlimlərində iştirak etməsi təəccüblü olardı. Ermənistanın təlimlərdən imtina etməsi onun sözügedən təşkilatla bağlı ortaya qoyduğu mövqeyin bir növ əməli davamıdır. Baxmayaraq ki, Ermənistan Azərbaycanla bağlı siyasətində sözdə dediyi ilə əməldə etdiyi üst-üstə düşmür. Amma KTMT ilə bağlı mövqeyində sözü ilə əməli eynidir. Bundan əvvəl də Ermənistan müxtəlif səviyyələrdə, o cümlədən Baş nazir Nikol Paşinyan səviyyəsində söyləyib ki, KTMT-dən de-fakto çıxıb. Ümumiyyətlə Ermənistanla Amerika Birləşmiş Ştatları arasında artan hərbi əməkdaşlıq onun Rusiya, dolayısıyla KTMT ilə münasibətləri dayandırılmasını tələb edir. Proses indiki an üçün başadüşülən və məntiqlidir. Amma Ermənistan Rusiyadan uzaqlaşmağa davam edərsə, rəsmi Moskvanın dözümlü yanaşacağını düşünmürəm. Rusiyanın regionla bağlı xarici siyasət kursunu Ermənistan vasitəsilə həyata keçirirdi. Amma Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Qərb yönümlü siyasət apararaq Rusiyanın orbitindən çıxmağa başladı. Rusiya regionla bağlı siyasətini rəsmi İrəvan üzərindən apardığına görə Ermənistanın əlindən çıxmasına icazə verməyəcək. Belə davam edərsə, prespektivdə Rusiyanın Ermənistanı cəzalandırması mümkündür. Ermənistan isə təxminən Ukraynanın atdığı addımları təkrar edir. Bu isə Ermənistanın Ukraynanın taleyini yaşamasını mümkün qılır. ABŞ Ukraynanın başının altına yasdıq qoyduğu kimi, Ermənistanı da eyni şəkildə öz tərəfinə çəkir. Ermənistan hazırda Rusiya və Qərb arasında siyasi poliqona çevrilib".