Elxan Şahinoğlu: Prezident seçkisindən sonra ABŞ xarici siyasətini dəyişməyəcək

Blinkenin Asiya ölkələrinə səfər proqramı məhz tərəfdaşları sakitləşdirmək məqsədi daşıyırdı
 
 
 "Amerikalı qanunvericilər, Birləşmiş Ştatlar şirkətlərinin Çindəki aktivlərini və bizneslərini açıqlamasını, o cümlədən Çinin Tayvanı ələ keçirəcəyi təqdirdə çəkəcəkləri iqtisadi itkiləri hesablamağı tələb edən qanun layihəsi təklif ediblər". 

Bu barədə "Sherg.az"a "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, bu şirkətlər ABŞ və Çin arasında ikitərəfli ticarətin 80 faizdən çox azalması və ya ikili istifadə tətbiqləri ilə malların ticarətinin tamamilə dayandırılmasını nəzərdən keçirməlidirlər: 

"Vaşinqton Çinlə iqtisadi münasibətlərin bütün mümkün mənfi ssenarilərinə hazırlaşarkən, bu ölkənin qonşusu olan Monqolustanla sıx tərəfdaşlıq münasibətləri qurmağa çalışır. ABŞ dövlət katibi Antoni Blinkenin bugünlərdə Monqolustana səfəri bundan xəbər verir. Monqolustan Prezidenti Blinkenlə görüşdə Monqolustanın demokratiyaya və bazar iqtisadiyyatına keçiddə ölkəsinə dəstək verdiyinə görə ABŞ-yə minnətdarlığını bildirib. Bu açıqlama Ulan-Batorun “üçüncü qonşu” siyasətinə uyğundur. Bu siyasətin mahiyyəti odur ki, Monqolustan iki qonşusu Rusiya və Çinlə sıx tərəfdaşlığına rəğmən, ABŞ, Avropa və Yaponiya ilə də əlaqələrini gücləndirməyə qərar verib. Bu, Monqolustana bu ölkələrdən yatırımlar əldə etmək üçün vasitədir. Bununla Monqolustan Qərblə Şərq arasında balans yaratmış olur. Monqolustan zəngin mineral resurslara malikdir. ABŞ və Yaponiya bu resurslardan istifadə etmək istəyirlər".

 Analitik vurğulayıb ki, Vaşinqtonla tərəfdaşlıq edən ölkələr ABŞ-də prezident seçkisindən sonra xarici siyasətin dəyişməyəcəyinə ümid edirlər:
 "Blinkenin Asiya ölkələrinə səfər proqramı məhz tərəfdaşları sakitləşdirmək məqsədi daşıyırdı. Yaponiyanın xarici işlər naziri Yoki Kamikava qeyri-dost ölkələrin beynəlxalq qaydaları lərzəyə saxlamağa çalışdığını bildirib. Tokionun ümidi onadır ki, Amerika Birləşmiş Ştatları prezident seçkisindən sonra da tərəfdaşlarının təhlükəsizliyinə diqqəti azaltmayacaq".