Mustafa Kamal sevinclə qarşıladı

Yaşar Erkan olimpiada tarixinə qızıl medal almış ilk türk olaraq adını yazdırıb
 
 
Türkiyənin məşhur idmançısı Yaşar Erkan Mustafa Kamal Atatürkdən “əhsən” alqışı ilə yanaşı, cümhuriyyət qurucusundan bir soyad ərməğan almış şəxsdir.  Olimpiada tarixinə qızıl medal almış ilk türk olaraq adı yazılmış Yaşar Erkanın əvvəlki soyadı Naçar olub. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, 1936-cı ildə Berlində keçirilən olimpiya oyunlarına idmanın güləş növü üzrə qatılan Yaşar Erkan qızıl medal qazanıb. Vətənə döndükdə onu   sevinclə qarşılayan Mustafa Kamal Paşa “əhsən, əsl türk belə olar” söyləyib. Və ona cəmiyyətin irəlidə gedənləri, öncül şəxs anlamını verən soyad hədiyyə edib. Yaşar Erkan olimpiadaların tarixinə adını yazdırmış idmançıdır. Yaşar Erkan 1912-ci ildə Ərzincanın Refahiyə əyalətində anadan olub. Yaşarın atası pəhləvan olub, güləş yarışlarında neçə-neçə pəhləvanı məğlub edib. Yaşar da güləşin sirlərini atasından öyrənib. 4 yaşında olarkən İstanbulun Kumqapı Güləş Klubuna yazılıb, yunan-roma güləşi üzrə ustalaşıb. O illərdə Türkiyənin güləş üzrə millisinin baş məşqçisi olan Raul Peter Yaşarın istedadını, gücünü görərək onu Avropa çempionatına hazırlayıb. Yaşar 3 il ard-arda Balkanların çempionu  adının qazanıb. 21 yaşlı Yaşarın önündə özünü təsdiq etmək, Vətəninə medal qazandırmaq şansı yaranıb. Yaşar Erkan Berlində keçirilən olimpiya oyunlarına qatılıb. Bu zamanadək Türkiyə heç bir olimpiya oyunlarında qələbə əldə etməyib, medal qazanmayıb. Yaşar Erkana isə ölkədə hamı böyük ümid bəsləyib, onun Vətənə qələbə qazandıracağına inanıblar. Yaşar Erkan olimpiadaya yollanmazdan öncə verdiyi müsahibədə “ən böyük məqsədim Türkiyəyə qızıl medal gətirməkdir”, demişdi. Olimpiada başlayanda Yaşar Erkan bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda italiyalı güləşçini məğlub edərək birincilik qazanıb. Yaşar Erkan “zəfər qazanmaq, almanların önündə milli marşımızın səslənməsi ən böyük zövqdür. Milli marşımız çalınanda hisslərimə hakim ola bilmədim. Gözlərimdən yaş süzüldü”, deyib. Bu zəfərin ardınca Yaşar Erkan ölkəsinə olimpiya qızıl medalı, şöhrət gətirib. Onunla görüşən Mustafa Kamal Paşa isə “sənin soyadın dəyişməlidir. Sən artıq “Naçar” deyilsən, rəqiblərini məğlub etmiş əsl türk övladısan. Soyadın bundan sonra Erkan olsun. Erkan cəmiyyətin öndə gedəni, öncül şəxs deməkdir. Adın Türkiyə tarixinə düşdü. Çox yaşa, Yaşar”, söyləyib. Beləliklə, Yaşar   Naçar – Yaşar Erkan olub. Türkiyə Cümhuriyyəti olimpiadalar tarixində güləş üzrə indiyədək 66 medal qazanıb. Onun ilki isə Yaşar Erkanın adıyla bağlıdır. Yaşar Erkan  1986-cı ildə vəfat edib və Zeytinburnundaki Mərkəzəfəndi Məzarlığında dəfn edilib. Ərzincanda Fatih məhəlləsində Müstəqil Atletizm Meydançasının yanındakı 2017-ci ildə açılışı gerçəkləşən Mərkəzi İdman Zalı Yaşar Erkanın adını daşıyır.