İrəvan Vaşinqtona bütün qapılarını açıb -Politoloq

ABŞ heç bir coğrafiyada Ermənistandakı kimi İrana yaxınlaşa bilməyib

“Ancaq İrandan adekvat reaksiyanı görmürük. Əksinə, bunun əvəzinə Azərbaycan əleyhinə qarayaxma kampaniyasının, şər-böhtanın şahidi oluruq”


  Ermənistanda Azərbaycan və İran sərhədləri yaxınlığında Amerika əsgərlərinin və silahlarının gizli yerləşdirilməsinin görüntüləri yayılıb. Daha əvvəl "Caliber" saytı ABŞ hərbi-nəqliyyat təyyarələrinin Ermənistana enməsi və "Boinq C-17"nin göyərtəsində təkcə hərbi yüklərin deyil, həm də şəxsi heyətin gəlməsi ilə bağlı fakt yaymışdı. Ancaq ABŞ-nin Ermənistandakı səfirliyi məlumatı təkzib etmişdi. Sayt növbəti dəfə faktları tam təsdiqləyən fotosübutlar təqdim edib. Məlumat üçün bildirək ki, avqustun 2 və 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə Ermənistanın "Zvartnots" Hava Limanına enib. Eyni zamanda İrandan atılan raketlərin və digər təyyarələrin trayektoriyasını izləyən xüsusi alətlərin daxil olduğu hərbi yüklərlə yanaşı, Ermənistana bu texnikaya nəzarət edəcək şəxsi heyət də gətirilib. Azərbaycan və İranla sərhəddə yerləşdiriləcək şəxsi heyət diqqət çəkməmək üçün diqqətlə seçilib. Onların əksəriyyəti ABŞ ordusunda xidmət edən erməni əsilli ABŞ vətəndaşları, həmçinin slavyan və Postsovet ölkələrindən ABŞ-yə köçmüş qafqazlı olub. Şəxsi heyət Ermənistan Silahlı Qüvvələrinin hərbi geyimi ilə təchiz olunub və Zəngəzurdakı hərbi bazada yerləşdirilib. 
  
Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında deyib ki, ABŞ hərbçilərinin və texnikasının Ermənistana daşınmasındakı əsas geosiyasi məqsəd bu ölkənin İranla qonşu olmasıdır. Ekspertin sözlərinə görə, ABŞ Ermənistan vasitəsilə İrana tamamilə nəzarət etmək imkanlarını nəzərdən keçirir:

 "Bu, İran dövləti üçün çox böyük təhlükədir. ABŞ heç bir coğrafiyada Ermənistandakı kimi İrana yaxınlaşa bilməyib. İranın sərhədləri yaxınlığında Amerika hərbçilərinin müşahidə qurğuları və kəşfiyyatçılarının yerləşməsi Tehran üçün ciddi təhdid sayılır. Ancaq İrandan adekvat reaksiyanı görmürük. Əksinə, bunun əvəzinə Azərbaycan əleyhinə qarayaxma kampaniyasının, şər-böhtanın şahidi oluruq. İran öz təhlükəsizliyinin qeydinə qalmaq əvəzinə Azərbaycanı ittiham etmək siyasəti güdür. Bunun başında SEPAH durur".
 
 Analitik vurğulayıb ki, ABŞ getdikcə Ermənistana, Cənubi Qafqaza daha çox yerləşməyə çalışır: 
"Bu da ABŞ-yə regionun zəif bəndi olan Ermənistan vasitəsilə bölgəyə daha çox sirayət etmək imkanı verir. Vaşinqton Rusiya qarşısında Ermənistanı daha dayanıqlı etməklə Moskvanın bu ölkədən çıxarılmasına nail olmağa çalışır. ABŞ Cənubi Qafqazı Qərbin geosiyasi maraqlarının təmin olunduğu bölgəyə çevirmək istəyir. Ancaq buna nail olmaq elə də asan deyil. Qərb ölkələri bölgəyə nə qədər nüfuz etməyə çalışsalar da, Qərbin regiona giriş qapısı sayılan Gürcüstan və bölgənin ən güclü strateji ölkəsi Azərbaycanla anlaşmadan, maraqlarımızı təmin etmədən Cənubi Qafqazda dominantlıq etmək mümkün deyil. Onu da nəzərə alaq ki, ABŞ regionda yerləşməklə nəqliyyat-kommuniksiya sistemlərini nəzarətinə almağı planlayır. Bir tərəfdən Gürcüstan vasitəsilə Türkiyə və Avropaya, digər yandan Azərbaycan, Ermənistan və Türkiyə vasitəsilə Aralıq dənizinə çıxan yeni logistik mərkəzlərə nəzarət etmək istəyir. Lakin bir daha deyirəm, Azərbaycana qarşı hərbi təxribat planları və qərəzli yanaşma ilə bu planları reallaşdırmaq qeyri-mümkündür. Belə davam edərsə, ABŞ-nin Cənubi Qafqazda varlığına şübhələr yaranacaq".