BMT nüvə silahından istifadənin ciddi riskindən narahatdır

BMT-nin baş katibi Antonio Quterreş nüvə silahından istifadənin ciddi riskindən son dərəcə narahatdır.
"Report"un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.
O, ABŞ-nin Çinlə bağlı məxfi strateji planı barədə xəbərləri şərh edərkən deyib ki, BMT nüvə təhlükəsini aradan qaldırmaq üçün dialoq və diplomatiyanın vacibliyini vurğulayır.
Bundan əvvəl “The New York Times” məlumat yayıb ki, ABŞ Prezidenti Cozef Bayden mart ayında gizli strateji nüvə planını təsdiqləyib. Burada ilk dəfə olaraq Çinin nüvə arsenalları artdıqca, onun cilovlanmasından danışılır. Belə bir sənədin qəbulu Pentaqonun növbəti onillikdə Çinin ehtiyatlarının həcminə və çeşidinə görə ABŞ və Rusiyanın ehtiyatları ilə rəqabət aparacağına dair fərziyyəsi ilə əlaqələndirilir.
Qeyd edilib ki, Bayden Rusiya, Çin və Şimali Koreya ilə mümkün nüvə toqquşmalarına hazırlaşmaq üçün də göstərişlər verib.