Rəisinin öldüyü helikopter qəzası - NƏTİCƏ

İranda Prezident İbrahim Rəisinin öldüyü helikopter qəzası ilə bağlı başladılan istintaq prosesi başa çatıb.

APA İran mediasına istinadən xəbər verir ki, Rəisinin hər hansı kənar müdaxilə olmadan, qəza nəticəsində öldüyü təsdiqlənib.

Qəzanın səbəbi kimi “hava şəraiti” və “helikopterin ağır çəkisi” müəyyən edilib.

İstintaqda ümumilikdə 30 min nəfər dindirilib.

Müəyyən olunub ki, Rəisinin olduğu helikopterə nəzərdə tutulduğundan çox sayda adam götürülüb. Bu səbəbdən helikopter lazım olan yüksəkliyə qalxa bilməyib və dumanlı havada dağa çırpılıb.

Qeyd edək ki, göyərtəsində İbrahim Rəisi və digər rəsmi şəxslərin olduğu helikopter bu il mayın 19-da İran ərazisində qəzaya uğrayıb.

Prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və daha bir neçə rəsmi şəxs qəzada həlak olub.