Azərbaycanda yeddi və daha çox uşaq sahibi olan 6 837 ailə var.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunub ki, ev təsərrüfatları haqqında məlumatlar hər on ildən bir keçirilən əhalinin siyahıyaalınması zamanı əldə edilir. 2019-cu ildə keçirilmiş əhalinin son siyahıyaalınmasının yekun məlumatlarına görə, 18 yaşadək uşağı olan ev təsərrüfatlarının uşaqların sayına görə bölgüsü məlum olub. Belə ki, ölkədə 1 milyon 347 min 534 uşaqlı ailə var. Onların 725 min 615-i şəhər yerlərində, 621 min 919-u isə kənd yerlərində yaşayır. Biruşaqlı ailələrin sayı 422 989-dur, onlardan 241 min 234-ü şəhər yerlərində, 181 min 755-i kənd yerlərində yaşayır. İkiuşaqlı ailələrin sayı 557 min 814-dür, onlardan şəhərdə yaşayanların sayı 295 min 884, kənddə yaşayanların sayı isə 261 min 930-dür. Üçuşaqlı ailələrə gəlincə, bu kateqoriyaya daxil olan ailələrin 132 min 957-si şəhər yerlərində, 123 min 304-ü kənd yerlərində yaşayır. Son rəqəmlərə görə, Azərbaycanda 71 min 151 dörduşaqlı ailə var. Onların 37 min 58-i şəhər yerlərində, 34 min 93-ü kənd yerlərində yaşayır. Həmçinin şəhər yerində yaşayan 11 min 313, kənddə yaşayan 11 837, yəni ümumilikdə 23 min 150 ailə beşuşaqlıdır. Altı uşağı olan ailələrə gəlincə, 9 332 ailə bu kateqoriyadadır. Onların 4 338-i şəhər yerlərində, 4 994-ü isə kənd yerlərində yaşayır. Sorğuya cavab olaraq, həmçinin 7 və daha çox uşağı olan ailələrin sayı da bildirilib. Belə ki, ölkədə 6 837 ailə yeddi və daha çox uşaqlı ailələr arasında yer alır. Onların 2 831-i şəhər yerlərində, 4 006-sı isə kənd yerlərində yaşayır.
Sual yaranır, çoxuşaqlı ailələrin sayının azalmasına səbəb nədir? Çoxuşaqlılığı təşviq etmək üçün hansı tədbirlər görülməlidir?
Suallarımızı cavablandıran sosioloq Lalə Mehralı "Sherg.az"a deyib ki, çoxuşaqlılıqla bağlı az imtiyazlar olduğu üçün insanlar uşaq sayının artırılmasında maraqlı deyillər:
''Fikrimcə, dövlət hazırda çoxuşaqlılığın artırılmasını hədəfləyibsə, bunun üzərində ciddi formada işləməlidir. Doğrudur, çoxuşaqlı ailələrə müavinət ayrılıb. Təxminən hər uşağa görə, ailələr 100 manatdan artıq pul alır. Ancaq 100 manatın uşağın hansısa təminatının həyata keçirməsinə kifayət edib-etməməsi mübahisəli məsələdir. Bir sözlə, həmin məbləğ minimum istehlak səbətindən azdır. Yəni 100 manat uşağın aylıq qida, sağlamlıq, səhiyyə, təhsil xərclərini ödəmək iqtidarında deyil. Ona görə də 6-7 uşaqlı ailələr azalır. Əgər uşaq pulu və üstəlik çoxuşaqlılığa görə, müavinət ayrılsa, valideynlər ailə tərkibinin böyüdülməsində maraqlı olar. İndiki vəziyyətdə belə, Azərbaycanda 7 minə yaxın çoxuşaqlı ailələrin olması möcüzədir. Çünki hazırki dövrdə sosial çətinliklər var. Ehtiyacımız olan məhsulların əksəriyyəti bahadır. Bu baxımdan həmin ailələr bunun öhdəsindən gəlirsə, onlara afərin düşür. Qeyd edim ki, çoxuşaqlı ailələrə dəstək önəmlidir. Ötən gün demoqrafik artımla bağlı statistika açıqlandı. Keçən illə müqayisədə bu il doğulan insanların sayında yarı faiz azalma müşahidə edildi. Bu demoqrafik artımın, genefondun təhlükə altında olmasından xəbər verir. Ona görə də cütlüklərə ailə tərkibinin artırılması üçün xüsusi imtiyazlar verilməlidir. Məsələn, həmin uşaqların təhsil, sosal ödənişləri dövlət tərəfindən qarşılanmalıdır".