Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxt rayonları icra hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.
Bu barədə BŞİH-dən bildirilib.
Müşavirədə bir sıra məsələlər, o cümlədən paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq, yaşıllaşdırma işlərin vəziyyəti və digər məsələlər müzakirə edilib. Qeyd edilib ki, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün paytaxtımız keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlib, əhalinin həyat və mədəni səviyyəsi artıb, şəhərdə geniş miqyaslı quruculuq işləri həyata keçirilir.
Şəhər ərazisində həyata keçirilən işlərin monitorinqlərinin nəticələri müşavirə iştirakçılarının nəzərinə çatdırılıb. Həmçinin son vaxtlarda Binəqədi və Yasamal rayonlarında bu istiqamətdə pozitiv dəyişikliklərin müşahidə edildiyi qeyd edilib. Paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq işlərinin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Müşavirədə qanunsuz tikililərlə bağlı məsələ ciddi müzakirə edilib və rayonlarda aparılan monitorinqlərin nəticələrinə dair görüntülər nümayiş etdirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov bildirib ki, bu gün ölkə başçısı İlham Əliyev məmurlar qarşısında ciddi tələblər qoyub, onlara vicdanla işləməyi və təvazökar olmalarını bir vəzifə kimi tapşırıb. Lakin hələ də bəzən neqativ hallar müşahidə edilməkdədir. Bununla əlaqədar rayon İcra Hakimiyyətlərin başçılarına ciddi xəbərdarlıq edilərək təcili tədbirlərin görülməsi tələb edilib. Bildirilib ki, BŞİH-nin monitorinq qrupu tərəfindən işlərə nəzarət ediləcək və nəticələri bir aydan sonra yenidən müzakirəyə çıxarılacaqdır.
Mövzuya münasibət bildirən sosioloq Elçin Bayramlı ''Sherg.az''a bildirib ki, bu məsələ ilə bağlı vəziyyət xeyli gərginləşib:
“Cənab Prezident bununla bağlı dəfələrlə şihafi tövsiyyələrini verib, həmçinin fərman və sərancamlarda göstərilib ki, ölkədə aparılan abadlıq, yenidənqurma işləri zamanı hər bir məsələ qanun çərçivəsində olmalıdır. Yəni vətəndaşların mənafeyi nəzərə alınaraq işlər aparılmalı və onlara heç bir zərər dəyməməlidir. Bu gün Bakıda 600 minə yaxın qanunsuz tikili var. Bu artıq vətəndaşların yox, müvafiq orqanların problemidir. Onlar vaxtında həmin evləri sənədləşdirməyib, tikintisinə icazə verib və yaxud rüşvət müqavilində tikililər həyata keçirilib. Vətəndaşların ev tikmək hüququ var və həmin hüquqdan istifadə üçün də bəzən yazılı, bəzən də şifahi razılıqlar olub. Vaxtıilə yaratdıqları problemləri vətəndaşların üstünə atmaq yolverilməzdir. Əvvəl həmin vəzifələrdə başqa şəxslər olub və indi yeni gələnlər deyir ki, bizlik deyil, icazəni əvvəlki şəxslər verib. Bunun xalqa, vətəndaşa dəxli yoxdur. İstənilən halda, əvvəlki vəzifədə olan şəxsi cəzalandırmalı, onun əmlakını müsadirə etməli və evi sökərkən 3 qat kompensasiya ilə təmin etməlisən. Dövlət tərəfindən müəyyən edilmiş şəhərin zonalarına uyğun öz bazar qiymətləri var. Vətəndaşların evləri dövlət tərəfindən söküləndə həmin ərazidəki bazar qiymətindən razı qalmalı və ya ev ilə təmin edilməlidir".
E.Bayramlı bildirib ki, vətəndaşlıq hüququnda ayrıseçkilik yolverilməzdir:
"Bu gün tikinti şirkətlərinin mənafeyi üçün bəzi dövlət orqanları və bələdiyyələr vətəndaşlara təzyiq göstərərək həmin ərazilərdən çıxarmaq istəyirlər. Çünki orada bahalı obyektlər və ya binalar tikiləcək. Bunun üçün vətəndaşlara rəsmi və ya qeyri rəsmi təzyiqlər edilir. Hətta gündüz vaxtı vətəndaşın evini başına uçururlar. Əməlli başlı terror həyata keçirirlər. Bununla bağlı video götüntülər yayılıb. Dövlət tərəfindən sərt şəkildə tədbirlər görülməlidir. Dünyanın hər yerində layihə və tikintilər aparılır. Əmlak toxunulmazlığı beynəlxalq hüquqdur. Azərbaycanda da əmlak tam toxunulmazdır. Əgər vətəndaşın o əmlak üzərində mülkiyyət hüququ yoxdursa, belə artıq o hökumətin problemidir. Vətəndaş 15-20 il həmin əmlakda yaşayırsa, vaxtında sənədləşdirməli idiniz. Bunu etməyibsinizsə, indi zəhmət çəkib sənədləşdirməlisən. Vəziyyəti kritik həddə gətirib çıxarandan sonra bu cür müşavirə keçirib nəyi isə qeyd etmək və ya Prezident işə qarışdıqdan sonra nəsə etmək ayıbdır. Bu məsələ araşdırılmalı və əvvəl vəzifədə olan şəxslər cəzalandırılmalıdır. Bu gün həmin vətəndaşlar istədikləri kompensasiyanı almaqla və ya yaşadığı yerdə daha yaxşı evlə təmin edilərək razı salmalıdırlar. 20-30 ildən artıqdır ki, Bakıda sənədsiz evlər problemi var. Bəzi evlər kritik ərazidə yerləşdiyi üçün sökülsə belə həmin şəxslər razı salınmalıdır. Normal qayda da yaxşı şəraitli ev və ya məbləğ ödənilməlidir ki, vətəndaş hüququndan məhrum olmasın”.