Amerika prezidenti Co Bayden ABŞ ordusuna Rusiya, Çin və Şimali Koreya ilə mümkün koordinəli nüvə münaqişələrinə hazırlaşmağı tapşırıb. Belə bir iddia ilə “New York Times“ (NYT) qəzeti çıxış edib.“New York Times“ (NYT) qəzeti mart ayında təsdiqlənmiş məxfi sənədin məzmununda ABŞ prezidenti Co Baydenin yenidən Çin təhlükəsinə diqqət yetirən gizli nüvə strategiyasını təsdiqlədiyini iddia edib. Xəbərdə Baydenin mart ayında ABŞ-ın çəkindirmə strategiyasını ilk dəfə olaraq Çinin nüvə texnologiyalarının və silahlarının sürətlə genişlənməsinə diqqət yetirmək üçün yenidən təşkil etdiyi bildirilir. Xəbərdə həmçinin ABŞ prezidentinin orduya mümkün vəziyyətdə Rusiya, Çin və Şimali Koreya ilə koordinasiyalı nüvə münaqişələrinə hazırlaşmağı tapşırdığı iddia edilir.
Baydenin açıqlamasını “Sherg.az”a dəyərləndirən politoloq Tofiq Abbasov söyləyib ki, hazırda böyük geosiyasi meydanda son dərəcə təzadlı, hətta təhlükəli tendensiyalar yer alır:
“Amerika Birləşmiş Ştatları özünün hegemon imkanlarının məhdudlaşmasından duyuq düşərək bildirir ki, onun bütün hərbi potensialı qarşıdurmaya hazırdır. Həmçinin söyləyir ki, nüvə silahının işlədilməsinə heç bir məhdudiyyət qoyula bilməz. Faktiki olaraq Amerika Birləşmiş Ştatları hegemon dövlətdir və özü qərarlar vermək iqtidarındadır. Amma bu o demək deyil ki, Amerika nüvə potensialının istifadəsi üçün özü qərar verməlidir. Əgər belə bir zərurət yaranarsa, ABŞ mütləq şəkildə Beynəlxalq Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) müvafiq yığıncaq keçirməli və müttəfiqləri ilə müzakirələr aparmalıdır. Amerika və onun himayəsində olan NATO bir növ özünü hegemon hesab edirsə, digər tərəfdən də Şimali Koreya, Rusiya və Çin ona bildirir ki, bizim də potensialımız var. Əlbəttə, ilk növbədə hərbi potensialının hərəkətə gəlməsi ilə bağlı tərəflər biri-birilərinə psixoloji təsirlər göstərirlər. Çünki yalnız ən çıxılmaz vəziyyətlərdə nüvə potensialı istifadəyə verilə bilər. Amma indi elə bir münaqişəli vəziyyət yoxdur ki, nüvə silahları istifadə olunsun. Nə Çin, Şimali Koreya, Rusiya nə də, Amerika böyük fəlakətin yaşanmasında maraqlı deyillər. Ümumiyyətlə dünya səhnəsində nüvə silahından istifadəyə zərurət yaranacağını düşünmürəm. Bu ardı görünməyən və proqnozlara oturmayan gedişdir”.