Rusiya və Ukraynanın agentura şəbəkələri qarşılıqlı diversiya hadisələrindən istifadə edirlər  -ŞƏRH

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları Moskvada Müdafiə Nazirliyinin yüksəkrütbəli əməkdaşlarına və onların ailə üzvlərinə qarşı sui-qəsd cəhdlərinin qarşısını alıblar. Bu barədə FTX-nin İctimai Əlaqələr Mərkəzindən bildirilib. Qeyd edilir ki, sui-qəsdlərin hazırlanması ilə Ukraynanın xüsusi xidmət orqanları məşğul olub. Məlumatda əlavə edilib ki, həyata keçirilən tədbirlər nəticəsində göstərilən sui-qəsdlərin hazırlanmasında iştirak edən Rusiya vətəndaşı olan dörd nəfər saxlanılıb.  FTX-nin məlumatına görə, Ukrayna xüsusi xidmət orqanlarının agentləri Moskvada hərbiçilərin qətli üçün poverbank və sənəd qovluğu şəklində maskalanmış bombalardan istifadə etməyi planlaşdırıblar.

“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, müharibə vəziyyətində olan dövlətlər arasında adətən diversiya hadisələri baş verir:

“Bundan öncə də Rusiya və Ukraynada bu kimi hadisələr görünüb. Təbii ki, hadisə zamanı hər iki tərəf biri-birilərini ittiham ediblər. Müasir texnologiya bu cür diversiya hadisələrinin törədilməsinə imkan verir. Ola bilər ki, hər iki tərəfin əlində müasir diversiya mexanizmləri mövcuddur və istənilən vaxt bundan istifadə etmək imkanlarına malikdirlər. Rusiyanın Ukraynada, Ukraynanın isə Rusiyada kəşfiyyat qrumları ciddi şəkildə işləyirlər və müəyyən agentura şəbəkələri var. Həmin agentura şəbəkələri hər iki ölkənin daxilində situasiyanı qarışdırmaq və cəmiyyətdə xof yaratmaq məqsədiylə qarşılıqlı şəkildə diversiya hadisələrindən istifadə edə bilərlər. Ancaq bunun nə qədər həqiqət olub-olmadığı məlum deyil. Çünki konkret faktlarla hadisədə hansı tərəfin günahkar olduğunu ortaya çıxarmaq lazımdır. Hansısa ittihamlar və ehtimallarla bu məsələdə günahın kimdə olduğunu müəyyən etmək çətindir. Ona görə də Rusiya Federal Təhlükəsizlik Xidmətinin açıqlaması real faktlarla gücləndirilməli və sübuta yetirilməlidir. Eyni zamanda Ukraynanın da Rusiyaya qarşı analoji ittihamı varsa, onu dəlillərlə aşkara çıxartması gərəklidir. İstənilən halda belə hadisələr cinayət sayılır. Çünki söhbət hansısa dövlətin məmurunun ailə üzvlərindən gedir və ailələr savaşın iştirakçıları olmamalıdırlar”.