Qarabağ və ətraf rayonlar heyvandarlıq üçün əlverişli, amma imkanlardan istifadə olunmur
Azərbaycan 2025-ci ildə Gürcüstandan 27 milyon dollarlıq iribuynuzlu mal-qara alıb. Ümumən 2025-ci ildə Gürcüstan xarici ölkələrə 68,5 milyon ABŞ dolları dəyərində iribuynuzlu heyvan satıb ki, bu da bir il əvvəlki göstəricidən 25 % çoxdur. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin məlumatlarında qeyd olunub. Hesabat dövründə Gürcüstan İraqa 41,45 milyon, Azərbaycana 27 milyon və Özbəkistana 40 min ABŞ dolları dəyərində iribuynuzlu heyvan ixrac edib. Xatırladaq ki, 2024-cü ildə Gürcüstandan xaricə 55 milyon ABŞ dolları dəyərində iribuynuzlu heyvan göndərilib.
Bu məsələ sosial şəbəkələrdə də geniş müzakirələrə yol açıb. İstifadəçilər, “gör nə gündəyik? Gürcüstanın mal-qarasına möhtac qalmışıq”, deyə narazılıqlarını ifadə edirlər. Həqiqətən də, hüyv andarlıq ənənəsi olan, kənd təsərrüfatının, o cümlədən heyvandarlığın, ətlik-südçülükdə böyük nailyyətlər əldə etmiş ölkəmiz niyə Gürcüstandan, Monqolustandan mişyon dollarlıq diri heyvan, tonlarla ət ixal etməlidir? Yəni, bu qədər acızik ki, özümüzü ətlə təmin edə bilmirik?
İqtisadçı Fuad İbrahimov “Sheg.az”a açıqlamasında qeyd etdi ki, problemin kökü kənd təsərrüfatında idarəetmənin düzgün təşkil edilməməsidir: 
- Heyvandarlığın tənəzzülə uğramasının bir deyil, bir çox səbəbləri var. İri aqro-parklar əvəzinə, mini aqro-parkların yaradılıb, kiçik fermer təsərrüfatlarının işə cəlb edilməsi lazımdır. Kiçik təsərrüfatlarda ziyan da az olur. Amma gəlir əldə etmək asandır. İribuynuzlu və xərdabuynuzlu heyvan təsərrüfatları yaradılmalı, feemerlərə dəstək verilməlidir. Biz 30 il müddətində işğal altında saxlanan torpaqlarımızı azad etdik. Qarabağ, ətraf rayonlar hamısı kənd təsərrüfatının inkişaf üçün əlverişli iqlimə, bərəkətli torpaq sahələrinə malik ərazilərdir. Bu ərazilərdə sürü ilə həm iri, həm də xırda buynuzlu heyvan yetişdirmək mümkündür. Əkinə yararlı torpaqlar var ki hələ də təyinatı üzrə istifadə olunmur. Kəndliyə imkan, şərait yaradılmalıdır ki heyvandarlıqla məşğul olsun. Elə yerlər var, kəndli örüş sahələrindən istifadə edə bilmir. Quru ot bahadır. Yem bahadır. Fermerlərə dəstək verilmir. Heyvanlar müntəzəm baytar nəzarətindən keçirilməlidir, vaksinlər vurulmalıdır. Fermerlərə ətlik heyvanları bazarda satmağa şərait yaradılmalıdır ki maddi maraq olsun. Problemlər çoxdur. Hökumət ətə olan tələbatı ödəmək üçün məcburdur idxala üstünlük versin. Bu da büdcədən gedir. Nə qədər ki yerli istehsal artırılmayıb, biz başqa ölkələrdən diri heyvan və ət idxal edəcəyik.