Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə bildirib. Xatırladaq ki, bu il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamədə Azərbaycan BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.
Həmçinin Rusiya Prezidenti Vladimir Putin avqustun 19-da Azərbaycana dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevi Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində “autriç” formatında görüşə dəvət edib.
BRİCS 2006-cı ilin iyun ayında Sankt Peterburq İqtisadi Forumunda Braziliya, Rusiya, Hindistan və Çin maliyyə nazirlərinin iştirakı ilə təsis edilib. Hazırda BRİCS Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma 2009-cu ildən sonra hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Azərbaycanın BRICS-ə rəsmi müraciəti müsbət qarşılanacaq:
"Sadəcə olaraq bu proses müəyyən zaman alacaq. Çünki təxminən məlumatlara görə BRICS-ə üzv olmaq üçün 30-a yaxın ölkə müraciət edib və proses növbəli şəkildə həyata keçirilir. Azərbaycanın BRICS-ə üzv olmaq məsələsini bir neçə kontekstdən qiymətləndirmək olar. Birincisi bunun Türkiyə ilə birlikdə verilən qərar olduğunu düşünürəm. Sözügedən məsələ ötən ayın əvvəlində gündəmə gəlib. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi kimi təmsil olunmasından və Astanada keçirilən Zirvə toplantısından sonra "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"si imzalandığı dövrdə BRICS məsələsi gündəmdə idi. İyun ayında isə Türkiyə xarici işlər naziri Hakan Fidan Çinə səfəri zamanı Türkiyənin BRICS-ə üzv olmaq istədiyini bildirdi. Yəni Azərbaycanın BRICS-ə üzv olmaq üçün müraciət etməsi qardaş Türkiyə ilə xarici siyasətdə birgə addımladığını göstərir".
Analitik vurğulayıb ki, digər tərəfdən bu çoxqütblü sistemə keçən dünyada Azərbaycanın hansısa tərəfdə yer almağı anlamına gəlmir:
"Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və həmin təşkilatın prinsipləri hansısa cəbhədə yer almamaqdan ibarətdir. Sözügedən məsələ daha çox yeni imkanlar qazanmaq və bazarlara çıxmaq məqsədi daşıyır. Çünki BRICS ölkələrinə baxdıqda onların gələcəkdə daha güclü olma ehtimalları gözlənilir. Həmçinin, BRICS-nin iqtisadiyyatı dünyada böyük paya sahibdir. Bu isə Azərbaycan üçün yeni bazarların açılması deməkdir. Nəzərə almaq lazımdır ki, BRICS daxil olmaqla Şərq bazarlarına tələbat daha çoxdur. Beləliklə Qərb bazarlarında öz mövqeyi olan Azərbaycan Şərq bazarlarında iştirakçı payını artırmaq niyyətindədir. Yeni ixrac istiqamətlərinin tapılması üçün BRICS-ə üzv olmaq önəmlidir. Eyni zamanda Azərbaycanın BRICS-də yer almağı Rusiya, Hindistan və Çin kimi ölkələr üçün də faydalıdır. Azərbaycan coğrafi baxımdan Asiya və Avropanı birləşdirən mövqeyə sahibdir ki, həmin ölkələr Azərbaycandan körpü kimi istifadə edə bilərlər. Digər tərəfdən nəqliyyat şəbəkələrinin üzərində yerləşən əsas hablardan biridir. Eynilə Azərbaycanın enerji resurslarını Avropa bazarlarına çıxaran işlək layihələri var ki, sözügedən ölkələr yer ala bilərlər".