Azad İsazadə: Dövlətlərə olarsa, mənə də olar fikri insanların şüuraltında aqressiyanı çoxaldır

Avqustun 20-də saat 5 radələrində Mingəçevir şəhəri ərazisində 1979-cu il təvəllüdlü Natella Çıraqovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Mingəçevir şəhər Prokurorluğundan Musavat.com-a verilən məlumata görə, araşdırmalarla 2003-cü il təvəllüdlü Rəşad Çıraqovun şəxsi münasibətlər zəminində anası Natella Çıraqovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Rəşad Çıraqov iş üzrə şübhəli şəxs qismində tutulub.


Psixoloq Azad İsazadə "Sherg.az"a açıqlamasında deyib ki, belə hadisələri törədənlərdə ruhi pozuntudan şüphələnmək lazımdır:

“Həmin insanın narkotik istifadəçisi və ya psixatrik xəstəliyin olub-olmadığı ekspertiza tərəfindən müəyyən edilir. Ümumiyyətlə dünyada aqressiya çoxalıb. Çünki bütün planetdə müharibələr gedir. Müharibə vaxtı dövlətin insanları öldürməsi, istər-istəməz məişətə də təsir edir. Yəni dövlətlərə olarsa, mənə də olar fikri insanların şüuraltında aqressiyanı çoxaldır”.