Köhnə texnika ilə yola çıxmayın!
Bu, son nəticədə yenə də kənd təsərrüfatı məhsullarının qiymətində artıma gətirib çıxaracaq
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib. Müraciətdə deyilir: "Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də texniki tələblərə cavab verməyən kənd təsərrüfatı texnikalarının avtomobil yollarında hərəkətinin şahidi oluruq. Unuduruq ki, istifadəyə yararsız, konstruksiya bütövlüyü pozulmuş, xarici işıq cihazları nasaz, dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikası ilə daşımaların həyata keçirilməsi sürücü ilə yanaşı digər hərəkət iştirakçıları üçün də ciddi təhlükədir. Əkin sahələrində çalışan insanların qanunvericiliyə uyğun təchiz edilməmiş yük avtomobillərində, traktor və ya qoşqularda daşınması, ot kütləsinin, müxtəlif növ məhsulların qablaşdırılmadan, çəki və ölçü parametrləri aşılmaqla nəql edilməsi də ağırlıq dərəcəsi yüksək olan qəzaların baş verməsinə zəmin yaradır". Müraciətdə qeyd edilib ki, BDYPİ hazırda mövsümlə əlaqədar əkin-biçin işlərinin sürətləndiyini nəzərə alaraq, bir daha kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri işə cəlb etdikləri əməkçilərin yol hərəkəti ilə bağlı təhlükəsizliklərinin təmin olunmasına, sürücüləri məhsulların daşınmasının və qablaşdırılmasının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə xüsusi diqqət yetirməyə çağırır, bu sahədə nəzarət tədbirlərinin gücləndirildiyini onların diqqətinə çatdırır.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, burada söhbət kənd təsərrüfatı texnikaları - kombayn, traktor, yük maşınları, qoşqulu vasitələrin avtomagistralda istismarından gedir:
- Bu cür texnikaların avtomagistral yollarda hərəkətinə sürücü məsuliyyət daşıyır. Kənd təsərrüfatı texnikasının magistral yollarda hərəkətini şərtləndirən müəyyən amillər var, onlar bu qaydalar əsasında hərəkət etməlidir. Bu cür texnikaların yollarda, xüsusən də sutkanın qaranlıq saatlarında hərəkət etmələri qəza şəraiti yaradır. Yol polisi də buna görə əvvəlcədən xəbərdarlıq edir.
İqtisadçı Rauf Qarayev isə açıqlamasında qeyd etdi ki, ölkədə “Aqroservis”lər mövcuddur. “Aqroservis”lər digər məsələlərlə (toxum, gübrə, dərman satışı) yanaşı kənd təsərrüfatı texnikasının təmiri və alınması üçün dövlət tərəfindən yaradılmış qurumdur. “Aqroservis”lər kənd təsərrüfatı texnikasının həm təmirini, həm nağd və nağdsız satışını həyata keçirirlər. Bu qurum Şirvan və Gəncədə fəaliyyət göstərir:
- Kənd təsərrüfatı texnikası niyə köhnədir, standartlara cavab vermir prinsipi ilə yanaşsaq, görərik ki, bu texnikalar hətta nağdsız satış zamanı, kreditlə də yüksək faizə verilir və ona görə də onların alınması baha başa gəlir. Kəndlininsə yeni texnikanı almaq cibinə uyğun deyil, kütləvi şəkildə bunu reallaşdırmaq mümkün olmur. Yeni texnikaların alınması asanlaşdırılmalıdır. Sənədləşmə sadələşdirilməlidir ki, yeni, müasir texnika uzunmüddətli və aşağı faizlə kreditə verilsin, kəndli də ala bilsin. Və ya bunu müştərək formada həyata keçirə bilsinlər, bir neçə nəfər vəsait qoymaqla. Əgər kəndli-fermer məhsul yığımı üçün hər hansı şirkətə müraciət etsə, bu da baha başa gələcək. Qiymətlərin tənzimləmə mexanizmi asan olmalıdır. İndiki halda kəndli məcburdur köhnə texnikadan istifadə etsin, məhsulu onunla yığsın, daşınmanı da onunla həyata keçirsin. Ona görə də bu işlər standarta uyğun aparıla bilmir. Fermerlər kiçik ərazilərdə mini texnikadan da istifadə edə bilər. Kiçik ərazilərdə əllə idarə olunan elektrik maşınları var. Bu da bir çıxış yoludur. Amma texnika almaq üçün də vəsait lazımdır. Fermerlər daşıyıcı şirkətlərlə müqavilə bağladıqda, yenə baha qiymətə başa gəlir. Kənd Təsərrüfatı Nazirliyi bu işləri koordinasiya etməlidir. Kəndliyə, fermerə kömək edilməlidir, kəndlinin büdcəsi nəzərə alınmalıdır, mövcud vəziyyət analiz edilməlidir, kəndlinin imkanı çatırmı yeni texnika almağa? Hər şeyə qanun çərçivəsində yanaşsaq, müəyyən problemlərlə üzləşə bilərik, bu, inhisarçılığa gətirib çıxara blər. Adi vətəndaş özünə məxsus sahəni əkib-biçə bilməyəcəksə, məcburdur kiməsə icarəyə versin, bu da onun əmək fəaliyyətini məhdudlaşdırır. Hesab edirəm ki, BDYPİ xəbərdarlıq etməmişdən əvvəl statistika nəzərə alınmalı, problemlər həll olunmalı, bundan sonra kəndli ilə söhbət aparılmalı və əgər o, büdcəsinə uyğun yeni texnika ala bilirsə, o zaman qanunvericilik həyata keçirilməsinə başlanmalıdır. Kəndlidən, fermerdən, təsərrüfat rəhbərlərindən işçilərin təhlükəsizliyi, məhsulun standartlara uyğun daşınması, köhnə texnikanın yola çıxmaması tələb olunur, fermer də büdcəsi imkan vermir deyə bunu edə bilmirsə, bu, son nəticədə yenə də kənd təsərrüfatı məhsullarının qiymətində artıma gətirib çıxaracaq. Kəndli də, fermer də ona dəymiş ziyanı, ödədiyi cəriməni məhsulun qiymətini qaldırmaqla kompensasiya etməyə çalışacaq. Əslində, burada sadə vətəndaş üçün müsbət bir nəticə yoxdur.