İranla Ermənistan arasında münasibətlər kifayət qədər konstruktiv və yaxındır.
"Sherg.az" xəbər verir ki, bu barədə İran Xarici işlər Nazirliyinin sözçüsü Naser Kənani bugünkü mətbuat konfransında deyib.
Onun sözlərinə görə, iki ölkə arasında dostluq və hərtərəfli münasibətləri inkişaf etdirmək üçün ümumi bir arzu var: “Hər iki tərəf regionda sabitliyin və təhlükəsizliyin, eləcə də sərhədlərdə təhlükəsizliyin qorunmasını vurğulayır.
Biz ölkələrin bir-biri ilə ikitərəfli məsələlərini şərh etmirik, amma vurğuladığımız odur ki, ABŞ-nin bölgədə mövcudluğuna müsbət yanaşmırıq”.
ABŞ və İranın düşmənliyi formal xarakter daşıdığını deyən Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a bildirib ki, onlar bir çox məsələdə eyni hədəfə xidmət edirlər:
''İranın əsas narahatlığı ABŞ-nin atdığı addımlar deyil ,Azərbaycanın, Türkiyənin, müsəlmanların qüdrət sahibi olmasıdır. Amerika İraqı, Suriyanı, Yəməni işğal edib İrana verdi. İndi də bizim regionda bu oyunu aparmaq istəyirlər. ABŞ-nin Ermənistanda yerləşməsinə İranın etirazı formal xarakter daşıyır. Onsuz da əvvəldən Ermənistanda ABŞ -nin ən böyük səfirliyi adı altında hərbi kontingenti yerləşib. Ancaq İran bunu bircə dəfə də dilə gətirmirdi. Təbii ki, Rusiya ABŞ -nin Ermənistana yerləşməsindən narazı və narahatdır. Şübhəsiz ki, bunu İrana da bildirib. İran isə Rusiyaya özünü narazı tərəf kimi təqdim etmək üçün nazir səviyyəsində belə ifadələr işlədə bilər. Lakin Ermənistan mətbuatı yazır ki, İran əsla bundan narahat deyil. Elə əslində olan da budur. İran zahirdə belə açıqlamaları ona görə verir ki, müsəlman aləmində şübhə oyatmasın. Əks halda müəmmalı olar ki, Zəngəzur dəhlizindən belə əsassız narahat olan İran, Zəngilandakı camış fermasını İsrailin bazası hesab edən İran o boyda ABŞ-nın Ermənistana yerləşməsindən narahat olmasın və sussun. Ona görə mütləq üzdə nəsə deməlidir. İran keçən dəfə İsrailə drom hücumu edəndə də ABŞ ilə məsləhətləşmələr apardı. İndi də ABŞ tövsiyə verdi ki, nüvə sahəsində inkişaf üçün İsrailin müharibə təşviqinə uymasın. Demək , İranın nüvə silahına sahib olması ABŞ -nin maraq dairəsindədir. Çünki bilir ki, İran silahı yalnız türk və müsəlman aləminin üzərinə tuşlayacaq. Hər ikisini birləşdirən müştərək maraqlar çoxdur. ABŞ regionda və dünyada edə bilmədiyini İranın əli ilə həyata keçirməyə çalışır. Bütün Ermənistan ABŞ-ın əlinə də keçsə, İran yenə ciddi bir addım atıb, etiraz etməyəcək.Bu populist çıxışlar, publikaya işləyən hədəflər də ola bilər, lakin real heç bir etiraz gözlənilmir''.
T.İrfan vurğulayıb ki, İran əslində dolayı yolla Rusiyanın da maraqlarına zərbə vurur :
''İran Zəngəzur dəhlizinə mane olmaqla Rusiya, Azərbaycan, Türkiyənin birgə niyyətlərinə qarşı çıxır və ABŞ, Fransanın maraqlarının xeyrinə oynayır. Rusiya Xarici İşlər naziri açıqladı ki, Ermənistan birgə kommunikasiyaların açılmasından, yəni Zəngəzur məsələsindəki öhdəliyindən boyun qaçırır. Şübhəsiz ki, bu boyun qaçırmada İranın rolu əsasdır. Paşinyanın İranın lideri ilə görüşü zamanı o təkidlə erməni baş nazirdən Zəngəzur dəhlizinin açılmamasını vurğulayırdı. Bölgədə İran, ABŞ, Fransa təxribatlarına qarşı Rusiya, Azərbaycan, Türkiyə birliyi iş aparmalı və ortaq maraqlar naminə, əsasən davamlı sülhün qalıcı olması üçün birgə işlər görülməlidir''.