ABŞ-ın dövlət katibi Entoni Blinken İsrail səfərinin ardınca Misirə gedib. Blinkenlə Prezident Əbdülfəttah Əs-Sisi arasında görüş olub. Blinken Misirin dövlət başçısını bu həftənin sonunda Qəzzadakı girovların azadlığa buraxılmasının müzakirə ediləcəyi görüşlə bağlı məlumatlandırıb. O, Misir liderinə İsrailin baş naziri Benyamin Netanyahunun ötən həftə Vaşinqtonun təqdim etdiyi kompromis planını qəbul etdiyini açıqlayıb.
"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a açıqlamasında bildirib ki, bu təxminən bir əsrdir davam edən münaqişədir:
“Məsələnin həlli prosesi də faktiki olaraq dayandırılıb. Amerikanın təklif etdiyi plan nə ola bilər? Aydın məsələdir ki, orada beynəlxalq hüquq üstünlük götürməyib. İndi müvəqqəti atəşkəsin yaradılması mümkün olsa da, sülh söhbəti yoxdur. Arada 40000 günahsız fələstinli, 2000 israilli dünyasını dəyişdi. Konkret sülh olmadıqca bir müddətdən sonra yenidən bu proses təkrar oluna bilər. Yəni ortaya konkret nəticə qoymurlar. Konkret nəticə isə BMT-nin 1967-ci il sərhədləri çərçivəsində bir ərazidə iki dövlətin yaradılması qərarının icrasıdır. Bu plan qəbul edilib, icra olunmasa, Misirin prezidenti belə heç nə edə bilməyəcək. Müharibə isə bu templə irəliləyəcək. Ona görə də ortaya konkret nəticə qoymalıdırlar. Orada hər gün müharibə gedirsə və qarşıdurma varsa, bəzi güclər də, dövlətlər də bu müharibənin daha da qızışdırılması üçün şərait yaradırsa, ABŞ dövət katibinin Misirə səfərinin hansısa bir ciddi nəticə verəcəyini gözləmək absurd yanaşma olardı”.