Regionun böyük oyunçusu: Putinin Bakı səfəri Moskvanın Azərbaycana ehtiyacının olduğunu göstərdi

Bu gün Azərbaycan-Rusiya əlaqələrinin tarixində daha bir səhifə yazılır. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Bakıya işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə verəcək. Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. İki ölkə arasında tarixi bağlılıq müstəqillik illərində sıx siyasi, iqtisadi, sosial, humanitar, mədəni əlaqələrin ardıcıl xarakteri və dərinləşməsi ilə müşayiət olunub. Bakıda rəsmi səfərdə olan Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə Ermənistan-Azərbaycan sərhədinin "demarkasiyasına kömək təklif edib". İki ölkə lideri Azərbaycan-Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsindən də danışıb. 

İki ölkə arasındakı münasibətləri “Sherg.az”a dəyərləndirən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov söyləyib ki, Rusiya prezidenti Vladimir Putinin Bakıya gəlməsi rəsmi Moskvanın Azərbaycana ehtiyacının olduğunu göstərdi:

“Çünki Rusiyaya qarşı 15 sanksiyalar paketi tətbiq olunub. Qərb ilə Rusiyanın münasibətləri demək olar ki, yoxdur. Yaxın gələcəkdə də sözügedən münasibətlər bərpa olunan deyil. Əlbəttə, Cənubi Qafqaz çox rəngarəng regiondur və Rusiyanın da burada maraqları mövcuddur. Rusiya bu maraqlar kontekstində öz mövqeylərini gücləndirməyi çox istəyir. Çünki Ermənistan Rusiyadan üz döndərib. Gürcüstan ilə Kremlin münasibətləri yox səviyyəsindədir və diplomatik əlaqələr kəsilib. Azərbaycan isə regionda böyük oyunçuya çevrilib. Eyni zamanda Şimal-Cənub layihəsinin həyata keçirilməsi ölkəmizin iradəsindən asılıdır. Bu Azərbaycan, Rusiya, Türkiyə və İran, eynilə digər dövlətlərin maraqlarına cavab verən layihədir. Rusiya və Azərbaycan arasında tarixi köklər də mövcuddur. Həmçinin, ikitərəfli ticarət, iqtisadi əlaqələrimiz inkişaf edir. Rusiya əlaqələrin yaxşılaşması Azərbaycan digər əlaqələrdən üz döndərməsi anlamına gəlmir. Azərbaycanın çoxvektorlu xarici siyasəti öz yerində qalır. Regionda stabillik və təhlükəsizliyin təmin olunmasında Rusiyanın da kifayər qədər rolu böyükdür. Bir sıra sənədlərin imzalanması bunu təstiqləyir”.