Sərhəddə təxribat planını ABŞ də hazırlaya bilər -ŞƏRH

İrəvan böyük sülh sazişini imzalamamaq üçün kənar güclərin tapşırıqlarını yerinə yetirir
 
“Çoxları Ermənistan hər dəfə atəşkəsi pozanda bunu Ermənistan müxalifəti, revanşist qüvvələrin adı ilə bağlayır, bu, kökündən yanlışdır”
 
 
 Son vaxtlar Ermənistan Azərbaycanla şərti dövlət sərhədində hərbi təxribatlarını intensivləşdirib. Sülh prosesi istiqamətində müəyyən müsbət irəliləyişlərin əldə olunduğu bir vaxtda havadarlarına arxalanan Ermənistanın vəziyyəti gərginləşdirməyə çalışması prosesi ləngitmək istəyindən bir daha xəbər verir.
 Naxçıvan istiqamətində mövqelərimizin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən  ardıcıl olaraq atıcı silahlardan atəşə tutulması bunu bir daha göstərir.
Qeyd edək ki, avqustun 18-i saat 19:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyinin məlumatına görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
 Avqustun 18-i saat 23:50 radələrində isə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə də  adekvat cavab tədbirləri görülüb.
 Avqustun 19-da saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
 MN-in  məlumatına görə, bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.

 Siyasi şərhçi Səxavət Məmməd də “Sherg.az”a açıqlamasında deyib ki, son zamanlar atəşkəsin pozulma hallarının artmaqdadır. Onun sözlərinə görə, əsas hədəf kimi Naxçıvan və Kəlbəcər istiqamətinin götürülməsi təsadüfi deyil:
 “Ortada çoxlu sayda iddialar var. Azərbaycan tərəfinin guya Naxçıvan və Kəlbəcər istiqamətindən hücum edəcəyi xarici medialarda yazılır. Ermənistan tərəfinin məhz iki istiqamətdə atəşkəsi pozması həm də kəşfiyyat xarakterlidir. Bundan əlavə Ermənistan silahlanır, Ermənistan ordusu ABŞ ordusu ilə birbaşa hərbi təlimlər keçirir, sülh müqaviləsi isə demək olar arxa plana atılıb. Çünki sülh müqaviləsinin imzalanması üçün münbit şərait yoxdur. Düşünürəm ki, münbit şəraiti yaratmayan qüvvələr də bu işdə əsas rol oynayır. Belə ki, regionda sülhün olması indiki məqamda heç kəsə sərf etmir. Çünki regionda çoxlu sayda maraqları olan qüvvələr var və onlar arasında mübarizə gedir. Rusiya ənənəvidirsə də, digərləri Rusiyanı regiondan çıxarmaq istəyən dövlətlərdir. Belə bir şəraitdə sülhdən danışmaq mümkün deyil”.
 
S.Məmməd böyük təəssüf hissi ilə bildirib ki, Azərbaycanda bir çoxları Ermənistan hər dəfə atəşkəsi pozanda bunu Ermənistan müxalifəti, revanşist qüvvələrin adı ilə bağlayır. Onun fikrincə, bu, kökündən yanlışdır: 
“Hesab edirəm ki, baş verən hər hadisənin arxasında elə Ermənistan hakimiyyəti dayanır. Paşinyan hakimiyyəti sülh müqaviləsini bağlamaq istəmir. Bu, Ermənistan hakimiyyətlərinin ənənəvi üsuludur. Mitinqlər, aksiyalar isə oyundan başqa bir şey deyildi. Regionda gərginlik hesab edirəm ki, artan xətlə davam edəcək. Siyasi gərginliyin hərbi gərginliklə əvəz edilməsi də mümkün variantdır. Regionda müharibənin olmasını da proqnozlaşdıran beyin mərkəzləri var. Regionda əgər yeni müharibə olacaqsa, bu, Azərbaycan və Ermənistanın müharibəsi olmayacaq. Çünki real vəziyyətə baxdıqda hər iki dövlətə müharibə lazım deyil. Ancaq müharibə ssenarisi baş tutacaqsa, görünən tərəf sahədə Ermənistan və Azərbaycan olacaq. Əslində, ABŞ və Rusiya isə savaşın tərkib hissəsi olacaq. Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsinin Cənubi Qafqaza transferi real görünür. Yeni müharibə regionu ağır nəticələrlə qarşı-qarşıya qoyacaq”.

 Araşdırmaçı-jurnalist Asəf Quliyev isə açıqlamasında deyib ki, bütün baş verənlərin fonunda daima Ermənistanın sülh çağırışlarını eşidirik. Amma bu çağırışlar və reallıq həmişə fərqli görsənir:
“İndiki şəraitdə də Ermənistan rəsmilərindən soruşsaq, onlar tezliklə sülh sazişinin bağlanmasına tərəfdar olduqlarını bildirəcəklər. Amma məsələ ondadır ki, Ermənistan bu gün böyük sülh sazişini imzalamağa hazır deyil və  yaxud da indiki şəraitdə bu sazişi bağlamaqda maraqlı deyil. Çünki Ermənistan məğlubdur. Azərbaycan qalib ölkə olaraq şərtləri diktə edən tərəfdir. Sözsüz ki, bu, Ermənistandakı müəyyən dairələrdə qıcıq yaradır. Buna görə də Ermənistan nə qədər sülhə hazır olduğunu desə də, bu gün böyük sülh sazişini imzalamaq istəmir. Təxribatların da kökündə prosesi uzatmaq marağı dayanır. Görünür, Ermənistanda kimlərsə ümid edir ki, onlar üçün daha yaxşı şərtlər yaranacaq. Amma bu, reallıqdan uzaqdır. Ermənistan bu məsələdə ilk növbədə Qərbdən dəstək gözləyir, lakin əbəs yerə vaxt uzadırlar”.

 Siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ermənistanın Naxçıvan istiqamətində atəşkəsi pozması iyun ayından etibarən aktiv mərhələyə keçən “sərhəd planı”nın tərkib hissəsidir və məqsəd Bakıya təklif etdikləri “atəşkəsə nəzarət mexanizmi”nin aktivləşdirilməsidir:
“Daha öncə də bu haqda yazmışdıq: Ermənistan belə bir mexanizmlə şərti sərhədlərin dəyişməsi, xüsusilə mümkün hərbi ssenari ilə yenidən çəkilməsi perspektivinə qarşı “qalxan” əldə etmək niyyətindədir. Bu “qalxana” İrəvanın təklif etdiyi mexanizmə beynəlxalq nəzarətin cəlb edilməsi ilə nail ola bilərlər. Və bu ssenaridə Qərb ölkələrinin, xüsusilə ABŞ-nin hədəfi “nəzarət” adı altında qüvvələrini Azərbaycan-Ermənistan sərhədinə yerləşdirmək, bölgədəki mövqelərini gücləndirməkdir”.

 Politoloq bildirib ki, planın ABŞ tərəfindən hazırlandığı istisna deyil. Vaxtilə Qarabağda tətbiq etmək istədikləri planı indi sərhəddə həyata keçirmək istəyirlər. İrəvanın “ev tapşırığı” təklifi Bakıya çatdırmaqla yanaşı, bu təklifi aktual saxlamaq üçün təxribatların da törədilməsidir:
““Niyə indi” sualının cavabını Putinin Bakı səfərində axtarmaq olar. Bakı-Moskva münasibətləri, xüsusilə regionda güc balansı uğrunda bu qədər açıq mübarizənin getdiyi vaxtda, həm Ermənistanı, həm Qərbi – ABŞ-ni narahat edir. İrəvan üzərindən tətbiq edilən planın hədəfi Rusiyanın bölgədə sıxışdırılmasıdırsa, Bakı olmadan güc balansını dəyişmək çətindir. Sərhəd təxribatı və bununla aktuallaşdırılan “mexanizm təklifi” ilə Azərbaycanın mövqeyinə təsir etməyə çalışdıqları vaxt Bakı-Moskva xəttindəki təmaslar onların hədəfləri kontekstində hadisələrin inkişafına mənfi təsir edir. Görünür, Naxçıvan istiqamətində baş verənlər Bakıya “xəbərdarlıq atəşi”dir. Və davam olacağı, xüsusilə yaxın günlərdə intensiv xarakter alacağı mümkün gözləntilərdəndir”.