Putinin Azərbaycan səfəri: Yeni şərait yeni imkanlar açır -ANALIZ

Regionda tamamilə yenə şərait yaranıb

Cənubi Qafqazda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır




Rusiya Prezidenti Vladimir Putin Azərbaycanda dövlət səfərindədir.
Avqustun 19-da Azərbaycanda dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev Rusiya Prezidentini qarşılayıb. Rusiya və Azərbaycanın dövlət himnləri səslənib. 
Səfər çərçivəsində Vladimir Putin Şəhidlər xiyabanını ziyarət edib. Rusiya Prezidenti şəhidlərin xatirəsini anaraq “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Putin Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Daha sonra Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında həm  məhdud, həm də geniş tərkibdə görüş keçirilib.  
Görüşün yekununda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər.

“Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır”.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə mətbuata bəyanatında səsləndirib.

Dövlət başçısı bildirib: “...Məhdud tərkibdə görüşdə regional təhlükəsizliklə bağlı məsələləri geniş müzakirə etdik. Ötən ilin sentyabrından sonra regionda tamamilə yenə şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır”.


Azərbaycan və Rusiya müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin səfərinin ikitərəfli münasibətlər üçün faydalı olacağını bəyan edib: “Rusiya ilə bütün sahələrdə əməkdaşlığımızı gücləndirməyə sadiqik”.
İ.Əliyev mətbuata bəyanatında deyib ki, Prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır: Azərbaycan və Rusiya müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir”.
Dövlətimizin başçısı  Rusiya- Azərbaycan arasındakı qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnun olduğunu qeyd edib: “Qeyd etmək istərdim ki, biz ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnunuq. 2022-ci ilin fevralında imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə uğurla yerinə yetirilir, həm siyasi, həm də iqtisadi sahədə çox müsbət dinamika, yaxşı rəqəmlər görürük. Əlbəttə, həm energetika, həm də nəqliyyat sahələrində əməkdaşlıq edirik, humanitar əlaqələrə, həmçinin bir çox digər sahələrə xüsusi diqqət yetiririk”.
Prezident İlham Əliyev bildirib ki, Rusiya ilə əmtəə dövriyyəsinin artması əməkdaşlığın böyük potensialından xəbər verir: “Həm ötən il, həm də bu ilin altı ayında əmtəə dövriyyəsində artım əməkdaşlığın böyük potensialından xəbər verir. Biz keçən il 4 milyard dollar həddini keçdik və (bu gün keçirilən görüşlərdə - red.) təbii ki, bunun son hədd olmadığı barədə fikir mübadiləsi apardıq”.

Bakı regionun vahəsinə çevrilir

Rusiya Prezidenti Vladimir Putin isə  İlham Əliyev və Mehriban Əliyevanın Bakının inkişafına böyük diqqət yetirdiklərini vurğulayıb: “Bakıda olmaqdan, bu şəhərə yenidən heyran olmaqdan çox şadam.  Biz Bakını sevirik. Bakı gözəl şəhərdir. Ən əsası isə o elə inkişaf edir ki, bir çox başqa böyük şəhərlər ona həsəd apara bilər. Şəhər uğurlu inkişaf edir və deyərdim ki, regionun vahəsinə çevrilir".
Putin Azərbaycanda rus dilinə göstərdiyi diqqətə və bu dilin öyrənildiyi məktəblərin işinə görə Azərbaycana minnətdar olduğunu da söyləyib. Rusiya Prezidenti xatırladıb ki, Azərbaycanda 300 rusdilli məktəb, eləcə də Rusiyanın aparıcı ali məktəblərinin filialları fəaliyyət göstərir.
V. Putin  Rusiya Federasiyasının Cənubi Qafqazdakı vəziyyətin həllində tərəflər üçün vacib olduğu dərəcədə iştirak etməyə hazır olduğunu bildirib:  “Azərbaycanla Ermənistan arasında münasibətlərin hazırkı vəziyyəti diqqətdən kənarda qalmayıb.
Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına və məlum üçtərəfli sazişlər əsasında sülh müqaviləsinin bağlanmasına hər cür yardım edəcək. Biz həmçinin transsərhəd marşrutların blokdan çıxarılmasına, humanitar təmasların qurulmasına, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyasına yardım etməyə hazırıq. Bizdə sovetlər dövründən müvafiq sənədlərin olduğunu nəzərdə tuturam. O mövqedən çıxış edirik ki, Cənubi Qafqazda davamlı sülh və sabitlik bu regionun bütün dövlətlərinin və xalqlarının köklü maraqlarına cavab verir.
Mən bilirəm ki, Azərbaycan Ermənistanla bütün məsələlərin tam həllinə yönəlib. Rusiya sülhün imzalanması və Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üçün nəsə edə bilsə, şad olar”.  
Putin Azərbaycana səfərindən sonra Prezident İlham Əliyevlə danışıqların nəticələrini Ermənistan Baş naziri Nikol Paşinyana bildirəcəyini deyib: “Hər kəs yaxşı bilir ki, Rusiya da böhranlarla üz-üzədir, ilk növbədə Ukrayna istiqamətində... Lakin Rusiyanın son bir neçə ildə Cənubi Qafqazdakı vəziyyətə tarixən cəlb olunması bizə bu hadisələrdə iştirak etmək zərurətini diktə edir”.
Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqazdakı hadisələrdə iştirakı əlbəttə ki, tərəflərin tələb etdiyi ölçüdə olacaq: “Buna heç bir şübhə yoxdur. Əgər biz Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq, məsələni sərhədin delimitasiyası, demarkasiyasına çatdırmaq üçün nəsə edə bilsək, logistika və iqtisadiyyat istiqamətində müvafiq blokları açsaq, buna çox şad olarıq”. 

Bakıda Azərbaycan-Rusiya Universiteti yaradılacaq

 Rusiya lideri həmçinin  vurğulayıb ki,  Azərbaycan ilə Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə uğurla yerinə yetirilir:“Münasibətlərimiz hələ 2022-ci ilin əvvəlində Sizinlə imzaladığımız Bəyannamə əsasında inkişaf edir, uğurla yerinə yetirilir və Sizin bu ilin aprelində Moskvaya səfəriniz zamanı ikitərəfli münasibətlərimizin inkişafına yaxşı təkan verilib. İqtisadi-ticari əlaqələr uğurla inkişaf edir”.
Moskva və Bakının birgə fəaliyyətinin istiqamətlərinə toxunan  V. Putin  deyib ki, iqtisadi-ticari əlaqələr uğurla inkişaf edir: “ Rusiyada keçirilən əvvəlki görüşümüzdə Siz mənə demişdiniz ki, 4 milyarddan bir az çox (illik əmtəə dövriyyəsi - red.) yaxşı rəqəmdir. Bu, yaxşı rəqəmdir, amma bizim imkanlarımızın potensialına uyğun deyil. Həqiqətən burada təkcə energetika, sənaye kooperasiyası, nəqliyyat, logistika, yüngül sənayedən danışmaq olmaz. Bizim birgə fəaliyyətimizin istiqamətləri çoxdur. Azərbaycan iqtisadiyyatına qoyulan dörd milyarddan artıq birbaşa investisiyalar da pis göstərici deyil. Azərbaycanda Rusiya kapitalı ilə 1270-dən çox müəssisə fəaliyyət göstərir, sözsüz ki, bu da son hədd deyil”. Rusiyanın  Azərbaycanla çoxşaxəli və dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayan Vladimir Putin əlavə edib ki,  qarşılıqlı fəaliyyət üçün geniş imkanlar müzakirə edilib: “Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 18 faiz artıb. Rusiya şirkətlərinin işi üçün yaradılan şəraitə görə Azərbaycan hakimiyyətinə təşəkkür edirik".
O, 8000-dən çox azərbaycanlının Rusiyanın ali məktəblərində təhsil aldığını açıqlayıb. Əlavə edib ki, 1000-dən çox tələbə dövlət büdcəsi hesabına təhsil alır. Putin Bakıda Azərbaycan-Rusiya Universitetinin yaradılacağını söyləyib:
“Biz bu gün geniştərkibli danışıqlarda Bakıda Azərbaycan-Rusiya Universitetinin yaradılması təşəbbüsünü müzakirə etdik. Azərbaycan prezidenti bu ideyanı dəstəklədi. Ümid edirəm ki, bunu tezliklə həyata keçirəcəyik. Bizim tərəfimizdən bu işə Sankt-Peterburq Dövlət Universiteti qoşulmağa hazırdır".
Rusiya Prezidenti  daha sonra “Transmaşholdinq” in Bakı metropoliteni üçün vaqonların istehsalı üzrə müqavilə imzaladığını bəyan edib. 
O qeyd edib ki, Rusiya və Azərbaycan neft məhsullarının daşınması üçün birgə tankerlər istehsalına başlayırlar. Putinin sözlərinə görə, bu, enerji resurslarının dünya bazarlarına çıxarılmasını artırmağa imkan verəcək.
Məlumat üçün bildirək ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə imzalanmış Azərbaycan-Rusiya sənədlərinin mübadiləsi mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dövlət başçılarının Birgə Bəyanatını qəbul ediblər.
Səfər çərçivəsində Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də  də olublar.

Hər iki tərəf bölgədə təhlükəsizlik və sabitliyin bərqərar olmasında maraqlıdır


Vladimir Putinin Bakıya səfəri şərh edən politoloqlar  hazırkı geopolitik şəraitdə bu səfərijn olduqca mühüm əhəmiyyət kəsb etdiyini düşünürlər. Hesab edirlər ki, qlobal və regional təhlükəsizlik məsələlərinin gərginləşdiyi, enerji resurslarına çıxış və nəqliyyat yollarının strateji əhəmiyyəti artdığı bir dövrdə, Rusiya və Azərbaycan arasında müzakirə olunacaq mövzuların dairəsi çox geniş ola bilər. 
Həmçinin Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri iki dövlətin maraqlarının Cənubi Qafqaz regionunda perspektivdə necə yerləşdirilməsi ilə əlaqədar şəkildə təhlil edilə bilər. Ekspertlərin fikrincə  Putinin Bakı proqramı gözlənilən regional müharibələr arası dövrdə Azərbaycanla Rusiyanın qarşılıqlı maraqlarını və qarşılıqlı ehtiyaclarını ağıllı formada yönləndirə bilmək üçün yeni müzakirələrə ehtiyac olduğunu göstərir.

Putinin Azərbaycana səfərinin gərgin bir dönəmə təsadüf etdiyini vurğulayan Politoloq Tofiq Abbasov “Sherg.az”a açıqlamasında deyib ki, məsələ tək bizim bölgədə olan problemlər, təzadlarla bağlı deyil: 

“Dünyada kifayət qədər gərgin bir vəziyyət yaranıb. Belə bir durumda dövlət rəhbərlərinin, siyasi dairələrin marağında olan əsas məsələlərdən biri odur ki, sabitləşdirici proseslər geniş vüsət alsın. Bu baxımdan Rusiya- Azərbaycan münasibətlərinə xas olan əsas göstərici ondan ibarətdir ki, hər iki tərəf bölgədə təhlükəsizlik və sabitliyin bərqərar olmasında maraqlıdır. Buna nail olmağın yol da strateji əməkdaşlıq, iqtisadi-siyasi,  humanitar- sosial sahələrdəki birgə layihələrdən keçir”. 

Ölkəmizə kənar qüvvələrin müdaxilə cəhdlərinə  toxunan politoloq  deyib ki, qərb institutları və Amerika Birləşmiş Ştatlarının siyasi dairələri , Avropa İttifaqında təmsil olunan Fransa kimi dövlətlərin istəyi bölgəmizdə  daimi gərginlik yaratmaqla öz maraqlarını Cənubi Qafqaza yerləşdirməkdən ibarətdir: 
“Bu baxımdan Rusiya ilə Azərbaycanın baxışları ortaqdır. Hər iki dövlət Qərbin bu istəyinin yolverilməz olduğu qənaətindədir. İkinci Qarabağ müharibəsindən  dərhal sonra yeni reallıqları dəyərləndirən Prezident İlham Əliyevin  məhz bu prinsipləri nəzərə alaraq regionda yeni “3+3” əməkdaşlıq formatının yaradılması təklifini irəli sürməsi də təsadüfi deyil. Onun təklif etdiyi  “3+3” əməkdaşlıq formatı Azərbaycan, Türkiyə, Rusiya və İran, Gürcüstan, Ermənistan əməkdaşlığını nəzərdə tutan platformadır. Ermənistan istisna olmaqla digər dövlətlər bu təklifi müsbət qarşılayıb.  Ancaq indiki  reallıqda Gürcüstan tərəfi hələ buna hazır deyil. Çünki Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur. Amma buna baxmayaraq, regional işbirliyi, sabitliyin təmin olunması və gələcəkdə müharibə riskinin sıfra endirilməsi üçün bölgə ölkələri arasındakı əlaqələr çox önəmlidir. Çox güman ki, yaxın zamanlarda Gürcüstan da tam formatda  bu layihədə iştiraka razılıq verəcək”. 

Azərbaycan öz milli maraqları çərçivəsində bütün tərəflərlə əməkdaşlığı inkişaf etdirir

Azərbaycanla Rusiya arasında yaxın dostluq münasibətlərinin, dövlətlərarası dialoqun yüksək səviyyədə oldğunu vurğulayan T. Abbasov deyib ki, dövlətlərarasındakı iqtisadi, siyasi, humanitar, sosial sahələrdəki münasibətlər yerindədir: 
“Rusiya ilə əlaqələrdə ən mühüm məqam enerji məsələləri,  nəqliyyat konfiqurasiyalarının istifadəsi və istismarı ilə bağlıdır. Energetika, nəqliyyat, turizm, idman kommunikasiya kimi  sahələrdəki qarşılıqlı münasibətlər də bizim üçün xüsusi əhəmiyyət kəsb edir. İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, 2023-cü ilin nəticələrinə görə 2022-ci illə müqayisədə ticarət dövriyyəsinin 17 faiz artaraq 4.5 milyard dollar səviyyəsinə yüksəlib. 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 572.8 milyon ABŞ dolları təşkil edib. Ən əsası isə iqtisadi-ticarət əlaqələrin yüksəlməsi iki ölkənin mövcud potensialına əsaslanır.  Ermənistanda olduğu kimi beynəlxalq sanksiyalar altında olan məhsulların ixracı hesabına yüksəlmir.  Qeyd edim ki, infrastruktur sahəsində əlaqələrdə ilk öncə Şimal-Cənub dəhlizi diqqət mərkəzindədir. Şimal-Cənub Nəqliyyat Dəhlizi bütün region dövlətləri, o cümlədən Rusiya İran üçün  mühüm önəm daşıyır. 
Azərbaycan və Rusiya qonşu ölkələr olaraq münasibətlərini etimad üzərində qumralıdırlar. Söhbət faktiki olaraq böyük qazanc və imtiyazlardan gedir. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi digər dəhlizlərə həm rəqibdir, həm də onun böyük üstünlükləri var. Bir həftə və ya 10 gün ərzində Avrasiya, Afrika və Avropa  bölgəsinə ötürmə etmək üçün həm vaxta, həm də resursa qənaət etmək mümkün olur. Bu baxımdan çox faydalı nəqliyyat dəhlizidir. Və 2028-ci ildə, uzağı 2030-cu ilə qədər tam istifadəyə verilərsə, ildə 100 milyon ton yükü bu dəhlizlə göndərmək imkanı olacaq.  Yəni bu baxımdan bu yol üzərində olan ölkələr böyük qazanc əldə edə biləcəklər. İlk növbədə Rəşt- Astara istiqamətində dəmir yol xəttinin inşasının vaxtıdır. Azərbaycan hökuməti layihənin önəmini yüksək qiymətləndirərək beynəlxalq nəqliyyat dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində öz üzərinə düşən işlərin vaxtında və yüksək səviyyədə icra edilməsi istiqamətində yaxşı nəticələrə imza atıb. Şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizlərini öz üzərindən keçirən Azərbaycan bu marurutların tam gücü ilə işə düşməsi ilə Avroasiya məkanında ən böyük nəqliyyat habına çevriləcəkdir”.

Azərbaycanın müstəqil siyasət yeridib, öz milli maraqları çərçivəsində bütün tərəflərlə əməkdaşlığı inkişaf etdirməsinə toxunan politoloq bunun üçün ölkəmizin kifayət qədər potensiala sahib olduğunu deyib. T. Abbasovun sözlərinə görə, Rusiya – Azərbaycan münasibətlərinin irəliləyən xətt üzrə inkişafı həm Rusiyada yaşayan, həm də Azərbaycanda yaşayan vətəndaşlarımıza rifah vəd edir.