Dünən 19:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Eyni zamanda Avqustun 18-i saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu gün saat 09:50 radələrində isə Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənistanın Azərbaycana qarşı ard-arda baş tutan təxribatlarını “Sherg.az”a dəyərləndirən hərbi ekspert Emil Həsənli söyləyib ki, böyük dövlətlər dünyanın heç bir bölgəsində, o cümlədən Cənubi Qafqazda sülh və əmin-amanlıq istəmirlər:
“Onlar sülh istəsəydi, Ermənistan çoxdan konstitusiyasını dəyişərdi. Eyni zamanda Ermənistan Azərbaycana qarşı vaxtilə cinayət törədən Seryan Ohanyan, Robert Koçaryan, Serj Sarkisyanı Bakıya təhvil verərdi. Hətta təzminat ödəyərdi və iki ölkə arasında normal münasibət yaranardı. Onlar bu münaqişəni uzadırlar və Ermənistana hər cür dəstək olurlar. Ermənistan işğalçı olduğu və onların yaratdığı BMT-nin beynəlxalq hüquq normalarına əməl etmədiyi halda, həm Amerika, həm də Fransa müxtəlif zamanlarda isə Rusiya rəsmi İrəvanı dəstəkləyib. Hazırda Rusiya ilə Ukrayna müharibə aparır və rəsmi Kiyevin arxasında bütün Qərb var. Münaqişədə ayrı-ayrı mövqedə olduqlarına baxmayaraq, Ermənistan məsələsində bəzən eyni mövqedən çıxış edirlər. Həmçinin, Ermənistanı bu və ya digər formada dəstəkləyirlər. Təəssüflər olsun ki, bu davam edir və indi də Ermənistan hakimiyyəti birbaşa Qərbdən asılıdır".
Ekspert qeyd edib ki, Ermənistan heç zaman müstəqil hakimiyyəti olmayıb:
"Konkret olaraq Amerika Birləşmiş Ştatları və Fransanın Ermənistanın indiki rəhbərliyi ilə sıx əlaqələri var. Onlar da bölgədə sakitçiliyin olmasını istəmirlər. Bu münaqişənin davam etməsi onların çirkin niyyətlərinə aiddir. Ermənistan isə hazırda odla oynayır. Ermənistan fikirləşməlidir ki, onun işğalçı siyasətinə hər cür dəstək verdilər. Amma heç nə əldə edə bilmədi. Nə Qarabağı özünə birləşdirə, nə də dırnaqarası yaratdığı oyuncaq dövlət qurumunu tanıtdıra bildi. Əksinə olaraq qüvvəsini itirdi və iqtisadiyyatına böyük zərbə dəydi. Eyni zamanda regionda bütün proseslərdən kənarda qaldı və Azərbaycan öz torpaqlarını azad etdi. İndi də bu siyasəti davam etdirsə, qardaş Türkiyə Suriya ərazisində bufer zona yaratdığı kimi, Azərbaycan da Qərbi Azərbaycan adlanan ərazidə Naxçıvana qədər Ermənistan ərazisində bufer zona yaradacaq ki, bu atəş məsələsi birdəfəlik dayansın. Əgər bu da həll olunmasa, ermənilər gəldikləri yerə getməlidir. XIX əsrdə Gülüstan və Türkmənçay müqavilələrindən sonra Cənubi Qafqaza gələn ermənilər terror, soyqırım, separatizm və müxtəlif zorakılıqlar törədiblər. Ona görə də Ermənistan ağlını başına yığmalıdır. Çünki Azərbaycanın dəmir yumruğu yerindədir. Hər zaman Ermənistanın başına daha ağır formada dəyəcəkdir. Əgər Ermənistan bu iddialarından əl çəkməsə, bunlar onun sonuna gətirib çıxardacaq. Sonsuza qədər münasibətlər belə davam edə bilməz”.